Ermənistan tələyə düşüb – TƏHLİL

Ermənistan tələyə düşüb – TƏHLİL
  20 Yanvar 2014    Oxunub:1631
Ermənistanın keçən il Rusiyanın yaratdığı Gömrük İttifaqına daxil olması bu ölkənin Avropaya yolunu birdəfəlik bağladı. Yerevan Gömrük İttifaqına daxil olmaqla birdəfəlik Qərbə inteqrasiya üzərindən faktiki xətt çəkdiyini rəsmi bəyan etdi.

Onsuz da Qərb Ermənistanı Rusiyanın diktəsilə idarəolunan ölkə hesab edirdi, bununla belə, Yerevanın ara-sıra avropayönümlü jestlərinə aldanaraq bu dövləti Moskvadan üz döndərmək ümidiylə müyyən işlərə cəlb edirdi. Lakin Gömrük İttifaqına rəsmi üzvlük Yerevanın Moskva, Vaşinqton və Brussel arasında çoxüzlü oyun oynamaq şəraitini əlindən aldı.

Gömrük İttifaqının üzv dövlətlərə hansısa səmərə verəcəyi sual altındadır. Bu qurum sadəcə olaraq hansısa mənada Rusiyadan asılı olan dövlətlərin ittifaqı hesab oluna bilər. Ermənistana gəlincə, bu dövlət, istəsə belə Gömrük İttifaqından səmərə əldə edə bilməz çünki nə Rusiya, nə də digər heç bir üzv dövlətlə sərhəddi mövcud deyil. Ermənistan rəhbərliyi təbii ki, quruma üzv olmaqla yuxarıda qeyd olunan üstünlüklərdən məhrum olunacağını anlamamış deyil. Ermənistanın Gİ-ə üzvlüyün uzun müddətdir yubadılmasının əsas səbəbi də elə bununla bağlı idi.

O zaman sual yaranır: nəyə görə Ermənistan bu addımı atdı?

Faktik olaraq , Ermənistanla Rusiyanın Gürcüstanla Azərbaycanın birgə qurduqları çoxgedişli oyunda 0:1 uduzduqlarını desək, yanılmarıq. Bu uduzmadan isə əziyyət çəkən Rusiya deyil, təbii ki Ermənistan oldu.

Qayıdaq bir az əvvələ. 2012-ci ilin oktyabrında Gürcüstanda keçirilən parlament seçkilərində müxalifətdə olan Bidzina İvanişvilinin “Gürcü arzusu” partiyası qələbə qazandı və Rusiyayönümlü hesab olunan İvanişvili baş nazir oldu. Qərbyönümlü Saakaşvillinin partiyası müxalifətə keçdi, bir ildən sonra isə Saakaşvilli prezidentlik müddəti başa çatdığı üçün bu postu da, rəqib partiyanın namizədi Georgi Marqeaşvilliyə təhvil verməli oldu.

İvanişvilli dərhal Rusiyayönümlü olduğunu nümayişkəranə şəkildə göstərməyə başladı və Moskva ilə münasibətlərin normallaşmasını arzuladığını bəyan etdi. Hətta Rusiya-Abxaziya-Gürcüstan-Ermənistan dəmir yolunun açılmasını müzakirə etməyə hazır olduqlarını bildirdi. Rusiya öz növbəsində Gürcüstanın bu addımlarını sevinclə qarşıladı və münasibətlər normallaşmağa başladı.

2013-cü ilin ortalarında isə, Avropa Birliyinin assosiativ üzvlük məsələsini ortaya atması faktiki ikili mövqedə dayanan postsovet ölkələrinin mövqelərini konkretləşdirməli olduqları anlamına gəlirdi. Buna cavab olaraq Rusiya da öz tərəfdarlarını Gömrük İttifaqına qoşulmağa məcbur etməyə başladı.

Vilnüsdə keçirilən “Şərq tərəfdaşlığı” konfransı faktiki olaraq Avropa ilə Rusiyanın təsir dairələrinin sərhəddinin çəkildiyi gün hesab oluna bilər. Ermənistan Rusiya tərəfdə qalmaq qərarına gəldi. Bu qərarı verməkdə Rusiya ilə Ermənistan Gürcüstanın yeni rəhbərliyinin rusiyayönümlü olmasına aldandılar. Moskva və Yerevan tezliklə Gürcüstan vasitəsilə Rusiya-Ermənistan arası nəqliyyat xəttinin tam gücü ilə işə salınacağını ehtimal edərək, Ermənistanın açıq mövqe nümayiş etdirməsi qərarına gəldilər.

Ermənistan Milli Konqresinin xarici əlaqələr komissiyasının sədri Vladimir Karapetyanın açıqlamaları isə sübut edir ki, onlar Tbilisiyə güvənərək bu addımı atmaqda yanılıblar. İvanişvilli də tələsik baş nazir postunu İrakli Qaribaşvilliyə təhvil verərək aradan çıxıb və Gürcüstan Avropa Birliyinə assosiativ üzvlüyə razılıq verib. Karapetyan bildirir ki, Gürcüstanın yeni formalaşmış hakimiyyəti Ermənistana heç bir maraq göstərmir, Gürcüstandan investisiya ilə bağlı heç bir müsbət irəliləyiş yoxdur, turizm isə yalnız birtərəfli qaydada həyata keçirilir. Yəni ermənilər Gürcüstana getməyə maraq göstərir, nəinki gürcülər Ermənistana.

Ermənistan bununla da ağır olan iqtisadi vəziyyətini daha da ağırlaşdırdı. Gürcüstanın yeni baş naziri Rusiya ilə münasibətlərin vacib olduğunu bildirsə də, hələlik Ermənistanla Rusiyanı birləşdirən nəqliyyat xəttindən danışmır.

Aydın olur ki, Saakaşvilli ilə İvanişvilli heç də düşmən deyil, əksinə, eyni komandanın oyunçularıdır və hər biri öz üzərinə düşən vəzifəni yerinə yetirərək siyasi səhnədən uzaqlaşdılar. Azərbaycan lazımi məqamda mükəmməl qurulmuş kombinasiyadan istifadə edərək Ermənistana güclü zərbə endirdi. Ermənistan Gömrük İttifaqına qoşulmaqla iqtisadi cəhətdən pis vəziyyətə düşməklə yanaşı geosiyasi arenada faktiki Qərbə zidd mövqedə dayanan ölkələr siyahısına rəsmi daxil oldu. Bu Azərbaycana Ermənistana qarşı xarici təzyiqləri artırmaq üçün yeni imkanlar açır.

Tofiq Əsgərov
AzVision.az



Teqlər:





Xəbər lenti