Toronto 2024 Olimpiya Oyunlarından imtina etdi

Toronto 2024 Olimpiya Oyunlarından imtina etdi
  22 Yanvar 2014    Oxunub:1320
Torontonun hakimiyyət orqanları 2024-cü il Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparmaq ideyasından imtina ediblər.
AzVision.az xarici KİV-lərə istinadla xəbər verir ki, Kanadanın Toronto şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarının bu şəhərdə keçirilməsi üçün sifariş verməyəcəkdir. Bu barədə qərar şəhərin iqtisadiyyat komitəsinin beş üzvü arasında səsvermənin yekunlarına əsasən yekdilliklə qəbul edilib.

Kanadanın ən iri meqapolisinin maliyyə departamenti qərara almışdır ki, Olimpiada bu şəhərə çox baha başa gələr.

Ekspertlərin hesablamalarına görə, Toronto seçki prosesi üçün 50-60 milyon dollar xərcləməli olar, Olimpiya Oyunlarının keçirilməsi isə şəhər büdcəsinə 3,3-6,9 milyard dollara başa gələr.

Şəhərin meri Rob Ford bundan əvvəl belə bir fikir söyləmişdi ki, Toronto Olimpiya Oyunları uğrunda mübarizəyə ən tezi 15 ildən sonra qoşula bilər.

2024-cü il Olimpiya Oyunlarının keçirilməsi üçün sifarişlər 2015-ci ildə Beynəlxalq Olimpiya Komitəsinə təqdim edilməlidir, bu mübarizənin qalibi isə 2017-ci ildə elan ediləcək.

Toronto Olimpiya Oyunlarının keçirilməsi üçün iki dəfə iddiaçı olmuş və hər iki halda rəqiblərindən geridə qalmışdır. 1996-cı ildə Torontonun Olimpiada üçün sifarişi 3-cü yeri, 2008-ci ildə isə 2-ci yeri tutmuşdu. Olimpiya Oyunları tarixində Kanada şəhərləri 3 dəfə bu oyunlara ev sahibliyi etmişlər: 1976-cı ildə Monreal, 1988-ci ildə Kalqari və 2010-cu ildə Vankuver.


Teqlər:





Xəbər lenti