Milli Məclisin 11 deputatı AŞPA-ya gedir
Bu barədə AzVision.az-a parlamentin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Avropa Şurası Parlament Assambleyasının bu sessiyasında dünya ölkələrində baş verən hadisələrə nəzər salınacaq. “Suriya qaçqınlarına beynəlxalq yardımın təşkili və yardıma dəstək”, “İnsan hüquqlarının pozulmasına görə beynəlxalq təşkilatların məsuliyyəti”, “Avropada irqçilik və dözümsüzlüklə mübarizə strategiyasının formalaşdırılması”, “Avropa Şurasının demokratiya üzrə tərəfdaşı kimi Fələstin Milli Şurasının son dövrlərdəki fəaliyyətinin dəyərləndirilməsi”, “Avropadakı miqrantların problemləri” və s. mövzularda məruzələr dinləniləcək. Fikir mübadiləsi aparılacaq. Qurumun aktual saydığı problemlər sırasında Rusiyada Sergey Maqnitski ilə bağlı məsələyə də diqqət yetiriləcək.
İclasda “İnternet və siyasət: yeni informasiya və kommunikasiya texnologiyalarının demokratiyaya təsiri” məsələsi gündəmdə olacaq. “Enerji diversifikasiyası davamlı inkişafa əsaslı töhfə kimi” mövzusu nəzərdən keçiriləcək.
Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri müzakirələrdə fəal iştirak edəcək, məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.
Səfər fevralın 1-də başa çatacaq.
A.Rüstəmov