“Binəqədi”nin 1 yaşı tamam oldu

“Binəqədi”nin 1 yaşı tamam oldu
  07 Fevral 2014    Oxunub:917
Bir il əvvəl - 2013-cü ilin yanvarında vaxtilə fəaliyyətini dayandırmış “Binəqədi” qəzetinin nəşrinin bərpası ilə bağlı təklif alanda ilkin olaraq nədən başlayacağımızı ayırd etməyə elə də vaxt ayırmağa ehtiyac olmadı
. Qəzetin təsisçisi – Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə ilk təmasımızdaca artıq nə edəcəyimizi, necə bir qəzet buraxacağımızı ehtimal edirdik. Rayon rəhbərlinin operativ iş prinsipi dərhal özünü göstərdi - görüş zamanı təsisçi ilə redaksiya arasında qarşılıqlı maraq və istəklər razılaşdırıldı, vəzifələr bölüşdürüldü və dərhal işə başlamaq tapşırığı verildi. Qalmışdı hazırlığın sonuncu və başlanğıcın ilk cəsarətli addımını atmaq – qəzetin ilk nömrəsini çapa hazırlamaq...

Bütün yeni işlərdə olduğu kimi, fəaliyyətimiz zahirən təzəliyin sevinc işartıları saçırdı. Amma daxildə heç kimə sezdirmədiyimiz gərginlik hökm sürürdü. Başladığımız işin sanbalını tam aydınlığı ilə dərk edirdik. Vəzifə ciddi idi: Binəqədi Rayon İcra Hakimiyyətinin eyniadlı qəzetini zamanın diktə etdiyi yeni keyfiyyətdə - ölkədəki “qəzet bolluğu” fonunda öz sözü olan, cəmiyyət həyatında gedən sürətli inkişafla ayaqlaşa bilən, yalnız bir rayon çərçivəsində deyil, ümumilikdə respublika səviyyəsində qəbul olunan, “düzü düz-əyrini əyri” deyiminə sadiqlik nümayiş etdirən və nəhayət, hər şeydən əvvəl, oxucu rəğbətini qazanan bir mətbu orqanın həyata vəsiqəsini təmin etmək.
Qarşımızda aydın sual dururdu: nədən və necə yazmalıyıq?! Düşünürdük ki, əsas məsələ gedəcəyimiz yolun istiqamətini, necə deyərlər, “kələfin ucunu” tapmaqdır. Buna görə də rayonun sosial-iqtisadi və ictimai-siyasi durumunu öyrənməyə başladıq.
Etiraf edək ki, Binəqədi haqqında köhnə təsəvvürlərimiz o qədər də ürəkaçan deyildi. Mərkəzdən kənar, məişət tullantılarının baş alıb getdiyi bərbad məhəllələrin üstünlük təşkil etdiyi məkan, boz həyətlərin cansıxıcı mənzərəsi... Arxitekturası sovet dövrünün ştampladığı stereotip panoramdan ibarət solğun görkəm insanda ikrah hissi yaradırdı.

Ancaq sonradan gördüklərimiz bizdə bir rahatlıq hissi yaratdı. Cəmi bir neçə ay əvvəl rayon rəhbərliyinə gəlmiş gənc və enerjili insanların səyi nəticəsində Binəqədidə qısa vaxt ərzində görülən işlərin miqyasını təhlil etdikdə gələcəyə inamımız birə-beş artdı və eyni zamanda, bundan sonra kiminlə işləyəcəyimizi dərk edərək, məsuliyyətimizin miqyasını özümüz üçün müəyyənləşdirdik. Deməli, rayonda həyata keçirilən sürətli abadlıq-quruculuq işləri fonunda bizim də boynumuza kifayət qədər yük düşəcək...

Ənənəvi idarə metodlarından uzaq, enerjili, müasir, innovasiyalı layihələr həyata keçirən, keçmişi təhlil edə-edə gələcəyə daha qətiyyətlə addımlayan insanlarla işləmək, əlbəttə, hər kəs üçün, o cümlədən biz jurnalistlər üçün rahat olmaqla yanaşı, həm də qürurverici faktordur. Bu bir il ərzində qəzetimizin kollektivi rayon icra hakimiyyətinin göstərdiyi qayğı və dəstəyi daim hiss etmiş, ümumi işimizin daha keyfiyyətlə həyata keçirilməsi naminə əlindən gələni əsirgəməmişdir.

... Beləliklə, ilk addımı atdıq və... deyilənə görə, heç də pis alınmadı. Artıq bir ildir ki, “Binəqədi” hər həftə oxucuları ilə görüşə gəlir. Bu gün biz qəzetimizin il ərzindəki fəaliyyətini qiymətləndirmək fikrindən uzağıq və buna haqqımız da yoxdur - mətbuata qiyməti onun oxucusu verir. Qəzetimizin əməkdaşları öz peşə borcları ilə əlaqədar mütəmadi şəkildə rayon sakinləri ilə söhbətləşir, problemlərini öyrənir, təkliflərini dinləyirlər. Məhz onların dediklərini əsas gətirərək, təvazökarlıqdan uzaq olsa da, bu dövr ərzində fəaliyyətimizin heç də pis olmadığı qənaətindəyik. Lakin bu, heç də o demək deyildir ki, biz işimizdən kifayət qədər razıyıq və hər şey öz qaydasındadır. Əksinə, rəhbərliklə söhbətlərdə nöqsanlarımızı açıq etiraf edir, bunun obyektiv və subyektiv səbəblərini araşdırır, gələcək fəaliyyətimizdə daha səmərəli və günün nəbzinə uyğun yazılarla oxucu rəğbətini qazanmağa səy göstəririk. Qəzetimizin keyfiyyət göstəricilərini daha da yaxşılaşdırmaq, işimizi daha səmərəli və çevik həyata keçirmək məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti rəhbərliyinin tövsiyələrindən maksimum yararlanmağa çalışırıq. Ümumi işimizin səmərəli təşkilində, müasir dövrün tələblərinə uyğun qurulmasında bizə göstərilən dəstəyə görə dərin minnətdarlığımızı bildiririk.

...Bəli, bir illik yol qət edildi və artıq bu gün oxucularla 49-cu görüşə gəlmişik. Bu bir ildə çətinliklərimiz də, acılı-şirinli günlərimiz də olub. Amma ruhdan düşməmişik, çiyinlərimizə götürdüyümüz yükü ləyaqətlə daşımağa çalışmışıq. Məqsədə, qarşımızda qoyulan vəzifəyə nə dərəcədə çatmışıq?.. Yalnız bir şeyi dəqiqliklə deyə bilərik: bizə göstərilən yüksək etimadı doğrultmaq, Binəqədinin inkişafı yolunda rayon rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü və qətiyyətli tədbirlər fonunda üzərimizə düşən vəzifələrin məsuliyyətini dərk etməklə, bundan sonra da var gücümüzlə çalışmaq əzmindəyik.
Bir yaşımız mübarək!

Rüfət Mərdanov


Teqlər:





Xəbər lenti