Şəhid ailəsinə qarşı dələduzluq edən qardaşlar tutuldu

   Şəhid ailəsinə qarşı dələduzluq edən qardaşlar tutuldu
  30 Mart 2021    Oxunub:2649
Tovuzda dələduzluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Tovuz rayonunda şəhid ailəsinin etimadından sui-istifadə etməklə dələduzluğa yol verməkdə təqsirləndirilən şəxslər tutulub.
Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının rayon sakinindən daxil olan müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, rayonun Xatınlı kənd sakini Əhməd Əhmədov və onun qardaşı, “qaynar-xett.az” saytının təsisçisi Zaur Əhmədov saxlanılıb.



Araşdırma zamanı müəyyən edilib ki, onlar Vətənin müdafiəsi uğrunda şəhid olmuş hərbi qulluqçunun ailəsi ilə əlaqə saxlayıb, valideynlərindən şəhidin sosial sığortası üçün ayrılmış vəsaitin miqdarının artırılması, adının əbədiləşdirilməsi, barəsində kitab və jurnallar dərc edilməsi, habelə yerli televiziya kanallarında verilişlər hazırlanacağını bildirərək hissə-hissə olmaqla ümumilikdə 1850 manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci maddəsinin (Dələduzluq) müvafiq bəndi ilə cinayət işi başlanılıb. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102” Zəng Mərkəzinə, Tovuz Rayon Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Azvision.az


Teqlər: Tovuz   Şəhid-ailəsi   Dələduzluq  





Xəbər lenti