Gəncədə Uşaq Stomatoloji Poliklinikası açıldı

Gəncədə Uşaq Stomatoloji Poliklinikası açıldı
  18 Mart 2014    Oxunub:5472
Elmar Vəliyev Uşaq Stomatoloji Poliklinikanın açılışını etdi
Bu gün Gəncə şəhər Uşaq Stomatoloji Poliklinikanın açılışı olub. Açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ziyalılar, səhiyyə işçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasimi açan Səhiyyə İdarəsinin rəisi Mehman Rzayev ölkə rəhbərliyinin sosial siyasət sahəsində həyata keçirdiyi mühüm tədbirlərdən, Gəncə səhiyyəsinin inkişafındakı uğurlardan, şəhər rəhbərliyinin bu sahəyə xüsusi diqqət və qayğı göstərməsindən söhbət açıb.

İcra başçısı Elmar Vəliyev tədbir iştirakçılarını milli bayramımız olan Novruz Bayramı münasibətilə təbrik edib və bayram əhval-ruhiyyəsində olan gəncəlilərə fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev səhiyyəyə, əhalinin sağlamlığına xüsusi qayğı ilə yanaşır. Gəncədə də bu sahədə işlər yüksək səviyyədə təşkil olunub. Tibb müəssisələri müasir tələblər səviyyəsində təmir olunur, yeniləri istifadəyə verilir, yeni avadanlıqlarla təchiz edilir. Bu gün istifadəyə verilən Uşaq Stomatoloji Poliklinika da bu istiqamətdə keçirilən genişmiqyaslı tədbirlərdən biridir.

Sonra icra başçısı və bütün tədbir iştirakçıları poliklinikada yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, poliklinika 1968-ci ildən fəaliyyət göstərir. 45 illik fəaliyyəti dövründə burada əsaslı təmir işləri aparılmayıb. Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə 2013-cü ilin noyabr ayından əsaslı təmir və yenidənqurma işlərinə başlanıb, 2014-cü ilin fevral ayında bu tibb müəssisəsi istifadəyə verilib.
Poliklinikada 19 nəfər həkim, 17 nəfər orta tibb işçisi, 7 nəfər kiçik tibb işçisi olmaqla, 43 tibbi heyətlə uşaq əhalisinə müalicə-profilaktik tibbi xidmət göstərilir. Burada panoramalı rentgen aparatı, aftoklav, tibbin son nailiyyətləri olan 4 stomatoloji qurğu, rezoqraf aparatları var.


Teqlər:





Xəbər lenti