Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 24-də Haaqada Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında səmərəli əməkdaşlığın qurulduğu, ölkəmizin nüvə təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş olduğu bildirildi.
Yukiya Amano əməkdaşlığın daha da inkişaf etdirilməsi və radioaktiv tullantıların təmizlənməsi sahəsində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu dedi. O, bildirdi ki, Azərbaycanın nüvə təhlükəsizliyi ilə bağlı keçirilən tədbirlərdə və zirvə görüşlərində fəal iştirak etməsi məmnunluq doğurur.
Azərbaycan Prezidenti İlham Əliyev nüvə təhlükəsizliyinin ölkəmiz, region və dünya üçün əhəmiyyətinə toxundu. Dövlətimizin başçısı Ermənistanda seysmik zonada yerləşən və artıq köhnələrək müasir standartlara cavab verməyən Atom Elektrik Stansiyasının fəaliyyətinin bütün region üçün ciddi təhlükə doğurduğunu diqqətə çatdırdı.
***
Martın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Haaqada Niderland Krallığı Senatının üzvü Rene Van Der Linden ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu.
Ölkələrimizin siyasi, iqtisadi, biznes və digər sahələrdə uğurlu əməkdaşlıq qurduqları vurğulandı. Azərbaycan ilə Niderlandın təhsil və elm sahələrində də yaxşı əməkdaşlıq etdikləri bildirildi.
Söhbət zamanı Azərbaycanın "ADA" Universiteti ilə Niderlandın Maastrixt Universiteti arasında əlaqələrin inkişafından razılıq ifadə olundu.