Sənət, yoxsa nət?

// Süni İntellektin kinoda tətbiqi qadağan oluna bilər

   Sənət, yoxsa Sİnət?
  02 Mart 2025    Oxunub:839
Amerika Kino Akademiyası filmlərdə Süni İntellektdən istifadəyə qadağa qoyulmasını müzakirə edir. “Variete” yazır ki, son qərar bu ilin aprelində veriləcək. Hələlik isə Süni İntellektdən faydalanan rejissorlara bunu titrlərdə qeyd etmələri tövsiyə olunur.
Bu haqda müzakirələr “Brutalist” filmindən sonra güclənib. “Brutalist” həqiqətən gözəl filmdir, cari “Oskar” yarışının əsas favoritlərindən biridir. Filmin rejissoru Breydi Korbet baş qəhrəmanların macar dilində danışığını korrektə etmək üçün “Respeecher” Süni İntellekt alətindən faydalanıb.

Amma “Brutalist” tək nümunə deyil. “Tamamilə naməlum” (“A Complete Unknown” - Bob Dilanın həyatından bəhs edən bayopik) filmində bəzi səhnələrdə motosiklet sürən kaskadyorların sifəti “Revize” proqramı vasitəsilə dəyişdirilib.

Bunlar hələlik ciddi problem olmasa da, yaxın gələcəyə baxanda bəzi etik və digər xarakterli suallar ortaya çıxır. Film istehsalında Süni İntellektin tətbiqi çoxalsa, buna necə yanaşmaq lazımdır?
Əgər ssenari Süni İntellektin köməyilə yazılır, yaxud, təkmilləşdirilirsə, buna görə ssenari müəllifinə “Oskar” vermək olarmı?!
Kadrlar arasındakı keçidləri Süni İntellekt düzəldirsə, bu, montajçının xidməti sayılmalıdırmı?
Musiqi Süni İntellektin köməyilə yazılırsa, filmin bəstəkarını mükafatlandırmaq doğrudurmu?
Yeni əsrin lahı | LONGRID

“Yox” demək asandır. Amma digər tərəfdən baxanda, Süni İntellektin təklif etdiyi variantları seçən də elə həmin ssenari müəllifi, bəstəkar, montajçıdır axı... Yəni biz son nəticədə onların zövqünün məhsulunu görürük, Süni İntellektin yox.

Fəqət, Süni İntellekt təklif etməsəydi, onlar seçdikləri variantları özləri yarada biləcəkdilərmi?! Bəlkə əksinə, Süni İntellektin yardımı olmasaydı, yaradıcı insan təxəyyülü daha gözəl, bənzərsiz variantlar tapacaqdı?


“Brutalist”in montajçısı Devid Yanço “RedShark News”a müsahibəsində bildirib ki, onlar Süni İntellektin vasitəsilə ənənəvi kino sənətində olmayan heç nə etməyiblər, sadəcə, prosesi sürətləndiriblər. Aktyorlar özləri həqiqətən macar dilində danışmağı öyrəniblər, Sİ yalnız onların ləhcəsini korrektə edib. Razılaşın ki, Macar dilində ləhcəsiz danışmağı öyrənmək xeyli vaxt aparardı.

Bəzi hallarda Süni İntellekt kadrlarda xırda detalların yaradılması üçün tətbiq olunur. Bu, yəqin ki, qəbulediləndir, çünki kino sənətinin mahiyyətinə zərər gətirmir.
Bəzi hallarda isə Sİ-nin tətbiqinə sadəcə olaraq, alternativ yoxdur. Məsələn, Ancelina Colinin oynadığı “Mariya” filmində əfsanəvi primadonna Mariya Kallasın orijinal səsi “AudioShake” proqramı vasitəsilə bərpa olunub. Bunu ancaq alqışlamaq olar, çünki Kallasın səsini dinləməyin ayrı yolu yoxdur.

Süni İntellektin kinoda tətbiqinin tərəfdarları buna qarşı çıxanları “yeni luddistlər” adlandırırlar. Onların fikrincə, əgər hansısa alət iş prosesini asanlaşdırır və sürətləndirirsə, ondan imtina etməyin mənası yoxdur və gec-tez öz yerini tutacaq. Burası belədir. Sual odur ki, buna görə insanlara “Oskar” vermək necə, doğrudurmu?


Amma digər tərəfdən, kimsə zəmanət verə bilərmi ki, Sİ yalnız işi asanlaşdıran alət kimi tətbiq olunacaq? Yaradıcı insanlar kreativ funksiyalarını da onun üzərinə atmayacaqlar? Məsələn, ssenari müəllifi Süni İntellektə “Hesab elə ki, sən məşhur ssenaristsən, dialoq üçün gülməli replikalar təklif et” şəklində prompt verməklə, öz fantaziyasını buxovlamayacaq?!

Amerika Kino Akademiyası işi çətindir...

Vüsal Məmmədov
AzVision.az


Teqlər:   Süni-İntellekt  





Xəbər lenti