Əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edəcək

   Əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edəcək
  17 Dekabr 2021    Oxunub:861
Sərəncamlarla 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40% artırılır.
AzVision.az -ın məlumatına görə, həmçinin, 2022-ci il yanvarın 1-dən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40%, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30% artırılır.

Təhsil müəssisələrində çalışanların əməkhaqqı artımı 165 min təhsil işçisinə şamil olunmaqla, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Artımların edilməsi məqsədlə dövlət büdcəsində 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub.

2022-ci ilin sosial islahatları dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək bu islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək.

Prezident İlham Əliyevin imzaladığı hər iki Sərəncam ölkədə təhsil işçilərinin sosial müdafiəsinə diqqət və qayğı göstərilməsinin növbəti təzahürüdür.

AzVision.az



Teqlər: Təhsil   Maaş  





Xəbər lenti