Rəsmi qəzet İlham Mirzəyevi `vurdu`

Rəsmi qəzet İlham Mirzəyevi `vurdu`
  07 Aprel 2014    Oxunub:1722
`Xalq qəzeti` ekstrasens və teleaparıcı İlham Mirzəyevi ifşa edən məqalə dərc edib. AzVision.az həmin məqaləni oxucularına təqdim edir:
Ölkənin kütləvi informasiya vasitələrində dərc edilmiş yazılarda bildirilir ki, telekanalların birində aparıcı kimi fəaliyyət göstərən İlham Mirzəyev Asif Əliyev adlı bir nəfərin falına baxıb, dua yazıb və ona kömək etmək üçün vədlər veribmiş. Bu əməllərin heç bir nəticəsini görməyən Asif Əliyev falçıya verdiyi pulu geri istəyəndə İlham Mirzəyev onu şərləyərək həbs etdirib.

Guya Asif Əliyev onun yaxın qohumu olan bir xanımı aldadıbmış. Bu məsələdə kimin nə dərəcədə haqlı olduğunu, şübhəsiz, məhkəmə sübut edəcək. Prosesin geridə qalan məqamları göstərir ki, məhkəmə, həqiqətən ədalətli qərar qəbul etməkdə israrlıdır.

Mediada yazırlar ki, aprelin 2-də Yasamal Rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin şikayəti əsasında həbs edilən Əliyev Asif Oruc oğlunun cinayət işi üzrə məhkəmə prosesinin keçirilməsi nəzərdə tutulsa da, məhkəmə yenə təxirə salındı. Qeyd edək ki, martın 31-də də zərərçəkmiş İlham Mirzəyev və onun vəkillərinin məhkəməyə gəlməməsi səbəbindən proses baş tutmamışdı. Prosesi aparan hakim Ayaz Məmmədov məhkəmə iştirakçılarına bildirib ki, bu dəfə zərərçəkmiş İlham Mirzəyev məhkəməyə teleqram göndərib.

Hakimin sözlərinə görə, İlham Mirzəyev yenə də məhkəmədə iştirak edə bilmədiyini və buna görə də prosesin təxirə salınmasını xahiş edib. Sonra hakim İlham Mirzəyevin məhkəməyə göndərdiyi teleqramın mətnini açıqlayıb. Teleqramda bildirilir: “Hörmətli Ayaz müəllim, mənim səhhətimdə problemlər olduğu üçün ambulator müayinə götürürəm. Mənim ürəyimdə olan narahatlıqla bağlı qətiyyən əsəbiləşmək olmaz. Sizdən artıq dərəcədə xahiş edirəm ki, sabahkı (2 aprel - red.) məhkəməni gələn həftəyə təyin edib, mənə məlumat verəsiniz. Mən bu istintaq və məhkəmə prosesində öz səhhətimi itirdim. Bundan sonrakı prokurorun çıxışı və sizin verdiyiniz hökm anında özüm iştirak etmək istəyirəm. Ümidvaram ki, mənim bu ricamı nəzərə alıb, məhkəməni gələn həftəyə keçirəcəksiniz. Öncədən öz minnətdarlığımı bildirirəm”.

Məhkəmə prosesində ədalətin bərqərar olunmasına məsuliyyət daşıyan hakim jurnalistlərə deyib: “İlham Mirzəyev məhkəmə iclasında gəlmir. Vəkilləri də telefon zənglərinə cavab vermirlər. Ayrı-ayrı nömrələrdən də zəng edilir, amma telefonu açmırlar. Özləri də qaçıb gizləniblər. Səbəbini də bilmirəm. Hər iki vəkil haqqında tədbir görülməsi üçün Vəkillər Kollegiyasına məlumat verəcəyəm. Görmüşük ki, təqsirləndirilən şəxsin müdafiə tərəfi prosesi uzatmağa çalışar. Ancaq indi əksinə olub, zərərçəkmişin vəkilləri məhkəmənin gedişinə mane olurlar. Bunların məqsədi prosesi uzatmaqdır”. Belə görünür ki, zərərçəkmiş və vəkilləri hakimin ədalətli qərar qəbul edəcəyini bilir və məhkəmədən qaçırlar. Özü də tamamilə uydurma bəhanələrlə.

Məhkəmə təxirə salınandan sonra “Xalq qəzeti”nin əməkdaşları İlham Mirzəyevin “İlhaMed” kilnikasına zəng edərək müayinə və müalicə olunmaq arzusularını bildiriblər. Onlara deyiblər ki, gəlin növbəyə yazılın və axşam İlham həkim sizi qəbul edəcək. `Yəni, biz təkcə hakimi, prokuroru, vəkilləri və zərərçəkmiş Asif Əliyevin qohum-qardaşını deyil, eləcə də dördüncü hakimiyyət kimi qəbul edilən mətbuat vasitələrini aldatma cəhdinin şahidi olduq. “İlhaMEd” klinikasında şahidi olduğumuz bəzi avantüra, fırıldaq və xurafat barədə aşağıda konkret faktlarla söz açacağıq`,- deyə jurnalistlər yazırlar.

Hakim Ayaz Məmmədovun özünü xəstəliyə vurub aradan çıxan şikayətçi haqqında dediyi daha bir neçə cümləni də hörmətli oxuculara təqdim edərək əsas məsələyə keçmək istəyirik. Beləliklə, hakimin daha sonrakı fikirləri: “İlham Mirzəyevin, yaxud vəkillərinin iştirakı olmadan məhkəmənin keçirilməsi mümkün deyil. Sonra yazacaqlar ki, zərərçəkmişin və vəkillərinin iştirakı olmadan məhkəmə keçirilib. Zərərçəkmiş qaçıb gizlənib. Müdafiəçiləri də zənglərə cavab vermirlər. İlham Mirzəyev və vəkilləri səs-küy salırdılar ki, məhkəmə uzadılır, müdafiə tərəfi çoxsaylı vəsatətlər verməklə süründürməçiliyə yol verir. Sona çatmışıq, indi zərərçəkmiş və vəkilləri ortada yoxdur, gizləniblər. İlham Mirzəyev və vəkilləri artıq ikinci dəfədir məhkəməyə gəlmirlər. Vəkillərin bu hərəkəti məhkəməyə hörmətsizlikdir. Mənim narazılığım Vəkillər Kollegiyasına çatandan sonra yəqin ki, vəkillərdən biri məhkəməyə gələcək. Onlardan biri məhkəmədə iştirak etsə, prokurorun çıxışı təmin olunacaq”.

Nəhayət, bu sətirləri qələmə almağımızın əsas səbəbi barədə. Özünü cəmiyyətə şair, publisist, tədqiqatçı, psixoloq, alim kimi təqdim edən, teleaparıcılıqla yanaşı insanlara səmadan xəbər verən İlham Mirzəyevin daha bir neçə “keyfiyyətləri” üzə çıxıb. Sən demə o, yüksək məbləğli pul müqabilində falçılıq etmək, problemli insanlara dua yazmaq və müxtəlif proseslərin nəticələri barədə proqnozlar vermək kimi “qeyri-adi fəaliyyətlə” də məşğul imiş. Ali təhsilli bir insanın ( O, “həkimliklə” məşğul olsa da, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun məzunudur) XXI əsrin ikinci onilliyində kosmosa rabitə peyki göndərən, BMT Təhlükəsizlik Şurası kimi mötəbər beynəlxalq təşkilata sədrlik edən, hüquqi, dünyəvi və demokratik dövlətçilik kursu götürən bir respublikanın vətəndaşlarını cəhalətə sürükləməyin məsuliyyətini dərk etməməsi çox təəccüblüdür. Ancaq təəccüblü olan təkcə bu o deyil, həm də odur ki, bəzi insanlar hələ də elmlə cəhalətin, dinlə xurafatın fərqini başa düşə bilmirlər. Əgər belə olmasaydı, onlar öz hamilə qadınlarını və ya “uşağa qalmayan” gəlinlərini bu avantüristin yanına göndərərək ekstrasens və ya falçı köməyi gözləməzdilər.

Uzun illərdir ki, ölkənin aparıcı kütləvi informasiya vasitələri xalqı cəhalətə sürükləyən və bu yolla da cəmiyyətdə böyük fəlakətlərə yol açan falçılığın zərəri barədə materiallar dərc edir, bəd əməl sahiblərini ifşa edirlər. İlham Mirzəyev kimi bütün mənəvi keyfiyyətlərdən məhrum olan insanlar isə təkcə yüksək qazanclı falçılığı təbliğ etmir, həm də real həyatda falçılıqla məşğul olurlar. İlham Mirzəyevin fəaliyyəti barədə daha ətraflı məlumat əldə etmək istəyərkən öyrəndik ki, bu adam hətta, falçılıqdan əldə etdiyi qazanc hesabına dəyəri milyon manatdan artıq olan restoran tikdirmiş, avadanlığının hər biri 150-250 min manata başa gələn “İlhaMed” adlı özəl klinika açmış və başqa “layihələr” reallaşdırmışdır. Doğrudur, bəzi ekspertlərin fikrincə, bu qədər vəsaiti hansısa falçılıq və ya ekstrasensliklə əldə etmək mümkün deyil. Ancaq məhz həmin ekspertlər əlavə edirlər ki, həmin vəsait mütləq hansısa çirkli mənbədən qaynayır. Əgər ikinci ehtimal doğrudursa, daha da pis. Əlbəttə, həmin ehtimalın dəqiqləşdirilməsi bizim yox, başqa qurumların vəzifəsidir. Bizim söylədiyimiz falçılıq, ekstrasenslik və dua yazmaq kimi əməlləri isə İlham Mirzəyev minlərlə adamın gözü qarşısında həyata keçirir.


Ölkə mətbuatının, demək olar ki, böyük əksəriyyəti geniş tamaşaçı kütlələrinə “Etiraf” verilişinin aparıcısı kimi tanış olan İlham Mirzəyevin sürəkli şəkildə falçılıq və baxıcılıqla məşğul olduğunu yazır, ekstrasensin bu məqsədlə metronun “Gənclik” stansiyasının yaxınlığında beşmərtəbəli ofis binasını icarəyə götürdüyünü bildirirlər. Sadəcə yazmırlar, həm də sübut edirlər. Məsələn, “Bizim dövr” internet saytı yazır: “Təbii ki, belə bir ofisin icarə haqqını ödəmək üçün baxıcının xidmət tarifləri də müvafiq şəkildə müəyyənləşdirilib. Belə ki, bu gün İlham Mirzəyevin sadəcə qəbuluna düşmək üçün 1000 manat ödəmək lazımdır. Amma əgər siz BDU-da dərs deyən elmlər namizədinin bəxtinizi açmasına ümid edirsinizsə, bu sizə daha 15 min manata qədər başa gələ bilər. Elə redaksiyamıza müraciət edən bir vətəndaş da anadangəlmə lal və kar olan övladının həm dilini, həm də qulaqlarını açmaq vədi müqabilində İlham Mirzəyevə 15 min manat verdiyini söyləyir. Amma bu pulun müqabilində valideynin əldə etdiyi də təbii ki, ancaq quru vəd olub. Buna baxmayaraq, “məşhur astroloqun” bu gün də müştəriləri kifayət qədərdir”.

Acı gülüş və təəssüf yaradan məqamlardan biri də odur ki, cadu-piti vasitəsilə populyarlıq əldə etmək, rəqiblərinin səsini batırmaq ümidində olan “ağıllı” şou-biznes nümayəndələri İlham Mirzəyevin müştəriləri arasında çoxluq təşkil edirlər.Yayılan qəzet məlumatlarında o da qeyd olunur ki, əvvəllər İlham Mirzəyevin müştəriləri arasında siyasətçilərə də rast gəlmək olurmuş. Məsələn, astroloqun bir vaxtlar deputatlığa namizəd olmuş Elşad Abdullayevin seçki kampaniyasında yaxından iştirak etdiyi göstərilir. Əlbəttə, ekstrasensin həmin prosesə müdaxiləsi heç də gözlənilən nəticəni verməmişdi. Amma belə “xırda” məqamlar İlham Mirzəyevin bazarını bağlaya bilməzdi. Çünki o, özünü reklam etmək, falçılığın, cadugərliyin təbliği ilə məşğul olmaq üçün çox böyük imkanlara malik idi. “Teleaparıcının” həmin fəaliyyəti bu gün daha geniş miqyasda davam edir. Məlumatlı mənbələr xəbər verirlər ki, onun təkcə Bakı şəhərində malik olduğu bir neçə ev, Abşeron ərazisindəki bağlar və bir neçə kommersiya obyektləri də bu özünüreklamın sayəsində əldə olunmuşdur. Hətta, deyilənə görə onun “Tale yolları” adlı restoranının qiyməti milyonla ölçülür. Bu sıraya başqa obyektləri də əlavə etmək olar.

Qələm sahiblərindən biri yazır: “Teleaparıcı, psixologiya elmləri namizədi, astroloq, şair İlham Mirzəyevin humanist, qayğıkeş obrazı, qadın dedi-qodusu ruhunda söhbətləri, sualları məni qıcıqlandırmır. Əksinə, məzəli gəlir. Hətta, o bu istedadı ilə komediya filmində və ya tamaşada uğurla oynaya bilərdi. Di gəl ki, İlham Mirzəyev televiziyaya dəxli olmayan adamdır. Daha doğrusu, bu gün telekanallarda çalışan çoxlu sayda təsadüfi adamlardan biridir. Fikrimizi konkret məqamlarla əsaslandıraq. İlham Mirzəyevin bir verilişinə pənah aparan kişi cavanlıq səhvini gec də olsa düzəltməyi qərara alır və mərhəmətli astroloqdan onu keçmişdə aldadıb bədbəxt etdiyi qızla barışdırmağı xahiş edir. Predmetin tragikomik, dəvət olunan iştirakçıların saxta və ya həqiqi olub-olmaması məsələsini bir kənara buraxıb, tamamilə başqa məqamlardan danışaq. Təbii ki, tok-şouda “dar ağacına çəkilən” gənc kişi idi. Bu adam hadisəni nəql edəndən sonra studiyada ona ünvanlanan təhqir yağışına məruz qaldı: “Nə qədər bişərəf, axırıncı adam olasan ki, belə bir “ziyalının, şəxsiyyətin” (yəni İ.Mirzəyevin- red.) verilişinə gələsən”. “Səni görüm maşın altında qalasan”. “Utan, utan üzün də var danışmağa”. “Biqeyrət oğul”. “Sən əxlaqsızsan”. “Sən səviyysəsiz ailənin oğlusan” və s. Sonra studiyaya daxil olan, uğursuzluqların səbəbkarı qadın da kişiyə bir neçə “daş” atdı: “Sən bişərəf, binamussan ki, məni aldatdın”.

Söyüşləri, təhqirləri sakitcə, ləzzətlə izləyən və üzündə məmnunluq ifadəsi dolaşan İlham Mirzəyev isə kişiyə “sənə demişdim ki, başını tumarlamayacaqlar” söylədi. Çoxsaylı titullarının olmasına rəğmən İlham Mirzəyevin televiziyanın qanunları, jurnalistika haqda ən zəruri, adi bilgiləri almağa ehtiyacı var. İndi mütəmadi olaraq yerli və əcnəbi mütəxəssislərin iştirakı ilə jurnalistika kursları keçirilir. İlham Mirzəyevin arada belə kurslara baş çəkməsi onun üçün faydalı olardı”. Yəni, bu adamın jurnalistliyi, teleaparıcılığı da elə falçılığı, ekstrasensliyi kimi pul, var- dövlət qazanmaq vasitəsindən başqa bir şey deyil.

Onun falçılığı, ekstrasensliyi və cadu-piti pozması məsələsinə gəlincə isə əməkdaşımızın “İlhaMed” klinikasının həyətində görüşüb söhbət etdiyi iki nəfərin fikirlərinə qulaq asmaq kifayətdir. Sabirabad rayonunun Narrıx kəndinin sakini Mərziyə Hüseynovanın dedikləri : “Qızımın 21 yaşı var. Qorxudan səhhətində ciddi problem yaranıb. Rayonda həkimlər dedilər ki, Bakıya, psixiatr yanına apar. Bakıya gələndən sonra tanışlar dedilər ki, İlham həkimin yanına apar. Gətirdim. Növbəyə yazılmaq üçün 50 manat ödədim. Həkimin məsləhəti üçünsə kassaya daha 35 manat köçürdüm. Heç bir nəticə hasil olmayanda isə ikinci dəfə gəldik. İlham “həkim” dedi ki, qızın bəxtini açmaq lazımdır. Bu isə 200 manata başa gəlir. 170 manat verdim. Aradan xeyli keçib, heç bir irəliləyiş, nəticə yoxdur. İndi də bizə deyirlər ki, Nadir həkimin yanına aparın. Əgər bu qədər pul ödəyəndən sonra kömək olmayacaqsa, onda bu klinika nə üçün camaatı aldadır?

Kürdəmirin Sığırlı kəndindən gəlmiş Nərgiz adlı xanımın dərdi isə daha ağır idi. Çünki həm onun 16 yaşlı uşağının başı üstündə durmurdu (sanki boyun sümüyü yox idi), həm də “İlhaMed”in kassasına köçürdüyü 335 manatı geriyə ala bilmirdi: “Mənə deyirlər ki, sən pulu kassaya köçürmüsən, kassa isə həmin vəsaiti banka göndərib. Ona görə də geri qaytarmaq mümkün deyil.

Biz “İlhaMed”in aldadılmış çoxsaylı müştərilərinin fikirlərini qələmə aldığımız dəqiqələrdə isə – aprelin 3-də, saat 17.45-də – klinika işçilərinin İlham “həkim” adlandırdığı Mirzəyev yuxarıda, öz otağında əyləşərək həm müştərilərini, həm məhkəmə zalında onu gözləyənləri, həm də mətbuatı aldatmaqla məşğul idi. Ona nə var, öz klinikasından xəstə olduğu barədə arayış alıb özü təsdiq edəcək ki, xəstəxanadadır. Vəssalam. Amma inanmırıq ki, femidanı və mətbuatı aldadan adam uzağa gedə bilsin.

İttifaq MİRZƏBƏYLİ, Əliqismət BƏDƏLOV / `Xalq qəzeti`


Teqlər:





Xəbər lenti