Azərbaycan Avropaya qaz nəqlinin artırılması ilə bağlı danışıqlar aparacaq

   Azərbaycan Avropaya qaz nəqlinin artırılması ilə bağlı danışıqlar aparacaq
  14 İyul 2022    Oxunub:1428
Azərbaycan hökuməti ilə Avropa İttifaqının təbii qaz idxalının artırılması və Cənub Qaz Dəhlizinin genişləndirilməsinin dəstəklənməsi haqqında saziş layihəsini müzakirə etmək üçün Aİ-nin enerji üzrə komissarı Kadri Simson iyulun sonunda Bakıya səfər etməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə “EUobserver” məlumat yayıb. "Biz tədarükləri artırmaq üçün yaxından işləyirik" - deyə, Aİ rəsmisi bildirib.

Bu səfərdən əvvəl hər iki tərəfin rəsmiləri iyulun 19-da Brüsseldə danışıqlar aparacaqlar. Müvafiq hökumətlərin təsdiqini tələb edən və dəyişdirilə bilən anlaşma memorandumu layihəsi Avropa İttifaqının Ukraynadakı müharibədən sonra Rusiya qazından asılılığını azaltmaq səylərinin bir hissəsidir.

“Tərəflər kommersiya məqsədəuyğunluğuna və bazar tələbinə uyğun olaraq 2027-ci ilə qədər hər il ən azı 20 milyard kubmetr qaz həcmində Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına ixrac da daxil olmaqla ikitərəfli təbii qaz ticarətini dəstəkləməyi hədəfləyirlər” - sənəddə deyilir.

Tədarükün artması həm də Azərbaycandan öz qaz hasilatını genişləndirməyi tələb edəcək.
Müqavilə layihəsində deyilir ki, Aİ və Azərbaycan həmçinin bərpa olunan enerjini təşviq etmək və hidrogenlə gələcək ticarəti müzakirə etmək üçün elektrik enerjisi əlaqələrinin inkişafını araşdıracaqlar.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Qaz   Avropa   Azərbaycan  





Xəbər lenti