Sosial müdafiə bahalaşma hücumu ilə bacaracaqmı – TƏHLİL

   Sosial müdafiə bahalaşma hücumu ilə bacaracaqmı –    TƏHLİL
  22 Yanvar 2023    Oxunub:2464
Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam ilk növbədə əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində 2019-cu ildən həyata keçirilən islahatların davamı kimi qiymətləndirilməlidir.
2019-cu il həm sosial, həm iqtisadi, həm də idarəetmə sahəsində böyük islahatlar ili olaraq yadda qaldı. Məhz həmin ildən ölkədə minimum əməkhaqqı və əmək pensiyalarının minimum məbləği əhəmiyyətli dərəcədə artırılmağa başlandı. Bir ildə 2 sosial paket həyata keçirildi. Prosesi 2020-ci il ərzində də davam etirmək nəzərdə tutulurdu, lakin pandemiya imkan vermədi.

2021 bərpa ili oldu. 2022-ci ilin 2019-un davamı olacağını yazmışdım. 2019-cu ildən sonra artımlara növbəti dəfə məhz 2022-ci ilin əvvəlində gedildi. Və minimum əməkhaqı 300, əmək pensiyalarının minimum məbləği isə 240 manat edildi.

Yəni Prezidentin 5 yanvar 2023-cü il tarixli Sərəncamı sayca 4-cü sosial paketdir. Minimum əmək haqqı yanvarın 1-dən 15% artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Minimum pensiya məbləği 40 manat artırılaraq, 240 manatdan 280 manata qalxıb. Müavinət və təqaüdlərin artırılması haqda yanvarın 15-dək Nazirlər Kabineti tərəfindən dövlət başçısına təkliflərin təqdim olunması tapşırılıb.

Hazırda əsas sual budur ki, sayca 4-cü sosial paketdən ibarət bu artımlar əhalinin aztəminatlı təbəqəsini 2021-ci ildən start götürən inflyasiya və bahalaşma tendensiyasının təsirlərindən qurtara biləcəkmi?!

Keçən il ən böyük bahalaşma ili olaraq yadda qaldı. Qiymətlərin yüksəlməsi prosesi heç bir ay ərzində səngimədi, əksinə, yeni vüsət aldı. Hələ ilin yekunlarına dair rəsmi rəqəmlər açıqlanmayıb. Lakin bəllidir ki, istehlak qiymətləri indeksi təqribən 14%, ərzaq məhsulları üzrə isə hətta 20%-dən çox artdı. Bunlar çox ciddi rəqəmlərdir.


Yeni ilin ilk günlərindən də bir çox qiymətlərdə artım baş verdi. Buna səbəb, təbii ki, cari ildə maaş və pensiyaların artırılacağı xəbəri idi. Bu da birmənalı olaraq 2023-cü ilin dövlət büdcəsindən dövriyyəyə buraxılması nəzərdə tutulan əlavə vəsaitlərin qabaqcadan mənimsənilməsi deməkdir. Yəni həmin vəsaitlər istehlakçıların cibinə girmədən elə büdcədəykən "qapılır"...

Bəli, yanvarın 1-dən tətbiq edilən artımlar ötənilki bahalaşma və inflyasiya səviyyəsindən yüksəkdir. Yeri gəlmişkən, ötən ilin əvvəlində minimum əməkhaqqı və pensiya məbləği eyni faiz həddində artmışdı. Yəni, 20% həcmində. Amma ərzaq inflyasiyası bunu "yedi". Builki artım əviyyəsi isə ümumi inflyasiya həddini üstələsə də, bilavasitə ərzaq inflyasiyasını tam olaraq kompensasiya edə bilmir.

Odur ki, hesab edirəm, hazırki artımlar ilin birinci yarısı üçün əhalinin sosial müdafiəsinin təşkilində yararlı olacaq. Ancaq bahalaşma prosesi dayanmasa, il ərzində daha belə bir addım atmağa ciddi ehtiyac yaranacaq.

Son 4 il ərzində minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılır. Ümumən, bu il üçün sosial ödənişlər üzə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub ki, bu vəsait 1,9 milyon vətəndaşı əhatə edəcək.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Bahalaşma   Sosial-müdafiə  





Xəbər lenti