Qiyməti özündən acı: Soğan niyə bahalaşıb?

// Aprelə qədər qiymət acısına dözmək lazımdır

  Qiyməti özündən acı:  Soğan niyə bahalaşıb?
  25 Yanvar 2023    Oxunub:5748
Son günlər Azərbaycanda soğanın qiyməti mövsüm üçün xarakterik olmayan həddə yüksəlib. İstehlakçılar soğanın bir kiloqlamını bazar və pərakəndə satış obyektlərindən 0,90 manatdan 1,30 manata qədər dəyişən qiymət aralığında alırlar.
Ümumiyyətlə, 2022-ci ilin dekabr ayı və cari ilin yanvar ayında soğanın topdan satış qiyməti son 5 ilin müvafiq dövrləri ilə müqayisədə maksimal həddə - bir kiloqramı 0.70 manata yüksəlib .

Qiymət artımı əsasən region, xüsusilə də MDB ölkələri bazarlarında qeyri-sabitliyin yaranması ilə izah olunur. Ukraynanın kommersiya soğan istehsalının təxminən 80%-nin cəmləşdiyi cənub rayonlarının işğalı dünya bazarına azı 20 min ton soğanın çıxarılmasını məhdudlaşdırıb. Ukrayna özü Polşa, Rumıniya, Moldova, Azərbaycan, Qazaxıstan və Türkiyədən soğan idxal etməyə məcbur olub ki, bu da həm regionda, həm də ölkə daxilində qiymətin qalxmasına səbəb olub. Yeni ilin əvvəlində qiymətlər dekabr ayının sonu ilə müqayisədə 12% bahalaşıb .


Rusiyada soğan ötən ilin sonu ilə müqayisədə 6,3% bahalaşıb. Hazırda bu ölkədə soğanın orta topdansatış qiyməti 0,32-0,35 dollar/kq arasında dəyişir. Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanda ilin əvvəlində müşahidə olunan anomal şaxtalar izolyasiya edilməmiş anbarlarda saxlanılan böyük soğan ehtiyatını məhv edib.

Pakistanda 2022-ci ilin ortalarında baş verən daşqınlar səbəbindən soğan əkinlərinin əhəmiyyətli hissəsi tələf olub.
Nəticədə dünyanın ən böyük ixracatçılarından olan Pakistan idxalçıya çevrilib, İrandan, Özbəkistandan, Türkiyədən, hətta Əfqanıstandan soğan tədarük etməyə başlayıb. İranda mövsümi amillərlə yanaşı, ölkənin cənubunda yağan yağışlarla əlaqədar olaraq daşınmada fasilə yaranıb, eləcə də Pakistana və İraqa soğan ixracı artıb.


Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə AzVision.az -a açıqlamasında bildirib ki, Türkiyədə soğanın topdansatış qiyməti 0,60 dollar/kq-a yaxınlaşır. Güclü tələbi böyük daxili bazar, eləcə də İraqa soğan ixracı dəstəkləyir. "Ölkədə yeni məhsul aprelin ikinci yarısında çıxdığından yaxın gələcəkdə qiymətlərin azalması üçün heç bir ilkin şərt yoxdur. Gürcüstanda da soğanın topdansatış qiyməti 0,60 dollar/kq-dır. Bu, ötən illə müqayisədə 2 dəfə yüksək qiymətdir. Bahalaşmanın Türkiyə, İran və Misirdə təzə məhsul çıxana - may ayına qədər davam edəcəyi ehtimal olunur. Çin bu mövsüm soğanı əsasən Asiya ölkələrinə ixrac edir, çünki logistika hələlik bu məhsulun Avropa ölkələrinə çatdırılmasına imkan vermir. Digər tərəfdən Çin soğanı keyfiyyət baxımından Avropa ölkələrinin minimum tələblərinə heç də həmişə cavab vermir",- direktor qeyd edib.

Lakin qiymətlər belə sürətlə artmağa davam edərsə, vəziyyət dəyişə bilər.

Yanvarın 20-nə bir sıra region ölkələrində soğanın qiyməti aşağıdakı kimi olub:
Rusiya - 0,32 dollar/kq;
Belarus - 0,49 dollar/kq;
Ukrayna - 0,68 dollar/kq;
Moldova - 0,47 dollar/kq;
Gürcüstan - 0,60 dollar/kq;
Özbəkistan - 0,71 dollar/kq;
Tacikistan - 0,59 dollar/kq.


Azərbaycanda soğan istehsalı yazlıq və payızlıq olmaqla, əsasən iki mövsümdə həyata keçirilir. Yazlıq soğanın əkini yanvar-fevral aylarında, məhsul yığımı isə həmin ilin avqust-sentyabr aylarında aparılır. Payızlıq soğanın əkini isə avqust-sentyabr aylarında, məhsul yığımı növbəti ilin aprel-may aylarında həyata keçirilir.




F.Fikrətzadə qeyd edib ki, bir sıra ixracatçı ölkələrdə daxili bazarı tənzimləmək üçün ixraca qoyulan qadağalar yaxın gələcəkdə soğana tələbatı artıracaq, qiymətlərin bahalaşmasına təkan verəcək. Həmçinin martın 23-dən başlayaraq aprelin 22-dək davam edəcək Ramazan ayında bir çox ölkələrdə soğana tələbatın artması da qiymətlərin yüksəlməsinə səbəb olacaq. Artıq Şərqi Avropa və Mərkəzi Asiyanın bir sıra ölkələrində bazar iştirakçıları soğanın topdansatış qiymətlərinin 1 dollar/kq səviyyəsinə çatmaq perspektivindən açıq şəkildə danışırlar. Bu isə o deməkdir ki, pərakəndə satış qiymətləri görünməmiş həddə - 1,5-2 dollar/kq-a qalxa bilər.

Yeni məhsulun yetişmə dövrünün maya qədər çəkəcəyini deyən F.Fikrətzadə təklif edib ki, həmin vaxta qədər ixracın məhdudlaşdırılması məqsədəuyğundur: "Eyni zamanda idxalın artırılması üçün güzəştlərin tətbiq edilməsinə də ehtiyac var. Çünki bütün region bazarında qeyri-sabitlik varsa, istənilən mənbə və daha yaxşı şərtlərlə ölkədə ehtiyatların artırılması tədbirləri görülsə yaxşı olar".

Hazırda "Meyvəli" ticarət mərkəzində soğanın bir kisəsinin (kisədə 30-31 kq məhsul olur) topdan satış qiyməti 22-23 manat arasında dəyişir. Satıcılar aldıqları məhsulun üzərinə çox pul qoymadıqlarını bildirirlər. Beləliklə, soğanın bir kiloqramının topdansatış qiyməti hazırda 73 qəpiyədir.


Bərdə rayonunda kənd təsərrüfatı məhsullarının tədarükü ilə məşğul olan Füzuli İmamquliyev bildirib ki, sentyabrda sahədən yığılan soğanının bir kisəsi 7-8 manata alınıb, anbarlara yığılıb. Hazırda satılan məhsul vaxtilə anbarlara yığılanlardır: “Soğan soyuduculara vurulmur, çünki orada saxlamaq sərf etmir. Bu anbarlar xüsusi tikilib və havalandırma sistemi var. Anbarların kirayə haqqı, fəhlələrin əmək haqları, məhsulun saxlama xərcləri də qiymətə əlavə olunur. Soğanın baha satılmasının bir səbəbi budur. Hazırda anbarlardan satılan bir kisə soğanın qiyməti 20 manatdan yüksəkdir. Bir həftə bundan əvvəl alıcı 20 manat təklif etdi, ona soğan satan olmadı. Digər səbəbi isə payızlıq soğanın az əkilməsidir. Soğan Bərdə, Ağcabədi, Ağdam rayonlarının kəndlərində, Harami düzündə çox əkilir. Keçən il əkin az idi və bu da qiymətə təsir edir. Nəzərə alaq ki, qiymətlər keçən il belə yüksək deyildi. Fermerlər bir il xeyir götürür, 2-3 il ziyana işləyirlər. Soğanı Bakıya satmağa gətirən şəxs isə onun üzərinə yol xərcini qoyduqdan sonra yalnız 1 manata yaxın gəlir qazanır".

Lakin, o əmin edib ki, soğanın qiyməti aprel ayında yenidən düşəcək. Çünki aprelin 10-15-i tarixlərində Bərdə soğanı çıxacaq: "Bu il çox məhsul əkilib. O zaman qiymət normallaşacaq", tədarükçü əlavə edib.

F.İmamquliyev Azərbaycan soğanın hazırda Gürcüstana ixrac edildiyini də qeyd edib. "Oradan isə başqa ölkələrə, o cümlədən Ukrayanaya aparılır. Əgər qiymətlər yüksək olarsa, bizim ölkəmizə də Qazaxıstan və Rusiyadan soğan ixracı başlaya bilər”,- fermer sonda vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti