Bir millət, iki dövlət, bir hava məkanı
// HAKİM səmamıza hakim olacaq
Tərkibi / vəzifəsi / imkanları
NATO daxilində iyirmi ildən artıq inkişaf etdirilən ACCS Layihəsinə uyğun gələn HAKİM Hava İdarəetmə və Nəzarət Sistemi hazırda Türkiyə HHQ-də istifadə olunan MASE/MICE və CSI sistemlərinin vəzifələrini yerinə yetirmək üçün nəzərdə tutulub. HAKİM sisteminin tərkibində SFP (Sensor Fusion Post - Data Yaratmaq Sensoru), RPC (Recognized Air Picture Production Center - Hava Mənzərəsinin Yaradılma Mərkəzi) və ACC (Air Command Control - Hava İdarəetmə və Nəzarət) kimi avadanlıqlar yer alır. HAKİM müasir NATO standartlarına uyğun hazırlanır.
Bu layihə hər iki ölkənin vacib hərbi obyektlərinin, sənaye rayonlarının, inzibati-idarəetmə mərkəzlərinin, enerji infrastrukturunun, rabitə qovşaqlarının və əhalinin hava hücumlarından daha etibarlı qorunmasını təmin edəcək. Bu vəzifələrin icrası üçün intensiv qarşılıqlı əlaqələr, birgə təlimlər, təlim-tədris və döyüş hazırlıq proqramlarının uyğunlaşdırılması, qüvvələrin inteqrasiyası tələb olunur.
HAKİM sistemi real vaxt rejimində cari vəziyyətin idarə edilməsi və nəzarət funksiyalarını həyata keçirməyə imkan verəcək. Bundan başqa, Azərbaycan silahlanmasında olmayan, Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus uzaqmənzilli erkən xəbərdarlıq təyyarələrinin (AWACS) xidmətindən yararlana biləcək.
İki qardaş ölkənin HHQ-sində mövcud olan bütün vasitələrin idarə edilməsi hər iki ölkədə mövcud olan mərkəzlərdən həyata keçiriləcək.
HAKİM sistemi həm aldığı radar məlumatlarını birləşdirərək, dəqiq və etibarlı LAP (local area picture - yerli ərazi şəkli), həm Quru Qoşunlarından və Hərbi Dəniz Qüvvələrindən əldə edilən hava və yerüstü izləri əlaqələndirərək JEP (joint environment picture - ortaq mühit mənzərəsi), həm də ATO/ACO/uçuş planı/IDCBO və kəşfiyyat əsasında hava izlərinin avtomatik və ya əl ilə diaqnostikasını təmin etməklə RAP (recognized air picture - tam hava mənzərəsi) yarada bilir.
HAKİM eyni zamanda hava məkanına və hava hərəkətlərinə nəzarəti həyata keçirməyə imkan verir. Sistem təhdid elementlərinə qarşı ən uyğun əks təsir vasitəsini minimal müddətdə müəyyənv etmək üçün təhdid qiymətləndirməsi və silah bölgüsü alqoritmlərinə malikdir.
Ortaq Konsepsiya
HAKİM layihəsinin tətbiqi üçün iki qardaş ölkənin hava məkanının birgə mühafizəsi konsepsiyasının hazırlanması vacibdir. Bəlkə də hazırlanıb, amma açıqlanmır. Belə bir konsepsiyanın baza prinsipi Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün tərəfindən Ulu Öndər Heydər Əliyevin “İki dövlət, bir millət” şüarına “bir hava məkanı” ifadəsi əlavə edilməklə formalaşdırılıb.
Konsepsiyada yer alacaq “xarici sərhədlərin qorunması” termini iki qardaş ölkənin quru, hava və dəniz sərhədlərini ehtiva edəcək. Hava məkanının və xarici sərhədlərin mühafizəsində qüvvələrimizin birlikdə tətbiqi, hava hücumundan müdafiə maraqları naminə qəbul edilən qərarların icrasında qarşılıqlı fəaliyyət, hərtərəfli əməkdaşlığın təşkili və s. məsələlər Konsepsiyada əksini tapa bilər.
Nəticə
Dünyanın hətta bir çox inkişaf etmiş ölkələrin də hava hücumundan müdafiə sahəsində ciddi boşluqları var. NATO və Aİ birlikdə Ukraynanın hava məkanını qoruya bilmirlər. Belə bir vəziyyətdə iki qardaş ölkənin təhlükəsizlik sahəsində faydalı əməkdaşlığı digər dost və müttəfiq ölkələrin də Türkiyə-Azərbaycan birgə hərbi layihələrinə marağını artıracaq.
HAKİM layihəsi eyni zamanda ölkələrimizin hava hücumundan müdafiə qüvvələrinin daha müasir silah sistemləri və hərbi texnika ilə təchiz olunmasını və mövcud komplekslərin modernləşdirilməsini təmin edəcək.
Qardaş dövlətlərin hava hücumundan müdafiə qüvvələrinin müəyyən şərtlərlə vahid mərkəzdən idarə olunması da mümkün hesab edilir.
HAKİM sistemi iki qardaş dövlətlərin komanda və idarəetmə orqanlarının təlim, döyüş hazırlığı və əməliyyat planlarının uzlaşdırılmasını tələb edir. Bu planlarda hava hücumundan müdafiə qoşunlarının və qüvvələrinin ortaq səylərinin strateji obyektlərin müdafiəsinə yönəldilməsi əksini tapmalıdır.
Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az
Teqlər: HAKİM