Britaniya Kiyevi Rusiya ilə danışıqlara məcbur edir - “Daily Express”

   Britaniya Kiyevi Rusiya ilə danışıqlara məcbur edir    - “Daily Express”
  05 Dekabr 2023    Oxunub:1215
"Britaniya diplomatları Ukraynanı münaqişənin həlli üçün Rusiya ilə danışıqlara məcbur etməyə hazırlaşır".
Bu fikirlər Britaniyanın məşhur “Daily Express” nəşrində dərc olunan məqalədəndir.

Müəllif yazır ki, Ukraynanın bu yay başlayan əks-hücum əməliyyatı uğurlu olmayıb. Bu amil isə Kiyevin münaqişədə qalib gəlmək qabiliyyətini şübhə altına alır: "Diplomatik dairələr Ukrayna liderlərinə təzyiq göstərmək və onları danışıqlar masası arxasına oturmağa məcbur etmək imkanlarını müzakirə edirlər".

Keçmiş kəşfiyyatçı: "Kiyev sülhə getməsə, yeni ərazilər itirəcək"
Məqalədə, həmçinin ordusu qələbə qazana bilməyən Ukrayna prezidenti Volodimir Zelenskiyə artan təzyiqlərdən də söhbət açılıb. Müəllif siyasətçinin ölkə daxilində fəal şəkildə tənqid olunmasından bəhs edib.

Rusiya da sülhə meylliliyini nümayiş etdirir. Məsələn, məşhur “İzvestiya” qəzeti bu gün maraqlı bir məlumat yayıb. Nəşr yüksək vəzifəli mənbəyə istinadən yazıb ki, Moskva Kiyevlə hətta Qərb ölkələrindən birinin ərazisində danışıqlara hazırdır.
Keçən həftə isə Macarıstanın xarici işlər naziri Peter Siyatro müsahibəsində Budapeştin Rusiya və Ukraynaya vasitəçilik xidmətləri göstərməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, son günlər Qərb mediasında Ukraynaya yardım və dəstəyin azalması, Rusiyanın qələbə əldə edəcəyinə dair silsilə yazılar dərc olunur.

Britaniyanın məşhur “The Guardian” qəzeti Vladimir Putinin qələbəyə yaxın olması barədə xəbərdarlıq etmişdi: “Bu yay Ukraynanın Qərb silahlarından istifadə etməklə böyük şəhərləri geri ala biləcəyi və bəlkə də ölkə daxilindəki Rusiya qüvvələri ilə əlaqəni kəsməyi bacaracağına böyük ümidlər var idi. Amma bu baş vermədi. Əvəzində müharibənin surəti dözülməz şəkildə yavaşladı. Dünyanın diqqətinin Yaxın Şərqə yönəlməsi Ukrayna üçün təhlükəli vəziyyət yaradır. Belə bir vaxtda Vladimir Putin Ukraynada üstünlüyü ələ ala bildi. Zaman onun tərəfindədir”.

Bundan başqa, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsə Ukrayna münaqişəsinin “dondurulması"nın tapşırıldığı da iddia olunur.

Geosiyasət və Rusiya üzrə tanınmış mütəxəssis Karol Qrimo-Potte “La Dépêche”də dərc etdiyi məqalədə Kremlin qələbəyə yaxın olduğunu yazmışdı: "Ukraynanın əks-hücumlarının uğursuzluğu, İsraillə radikal HƏMAS hərəkatı arasında münaqişə, eləcə də ABŞ-dakı daxili siyasi problemlər Rusiyanın cəbhədə öz məqsədlərinə çatmasına kömək edir".

Hətta iş o yerə çatıb ki, məşhur amerikalı teleaparıcı Laura İnqram Ukrayna əleyhinə qalmaqallı çağırışlar da edib. O, Fox News-un efirində təklif edib ki, ABŞ Ukraynaya deyil, birbaşa Rusiyaya silah versin: “Bəlkə Pentaqon Rusiyaya birbaşa silah göndərməlidir? Axı, silahlar onsuz da onların əlinə keçəcək”.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Britaniya   Münaqişə   Sülh   Məqalə   Kiyev  





Xəbər lenti