"Hər səhər idman edirəm ki, desinlər, aha, özünü yaxşı saxlayıb" - 77 yaşlı rəqqasəmiz

   "Hər səhər idman edirəm ki, desinlər, aha, özünü yaxşı saxlayıb" -    77 yaşlı rəqqasəmiz
  18 Yanvar 2024    Oxunub:1969
Bu gün rəqqasə, Xalq artisti Afaq Məlikovanın doğum günüdür. AzVision.az 77 yaşını qeyd edən sənətkarla söhbətləşib və özəl günü ilə bağlı fikirlərini öyrənib.
"Əslində doğum günümü qeyd etməyi xoşlamıram. Əvəllər də belə olmuşam. Ancaq övladlarım, nəvələrim, nəticələrim əl çəkmir. Deyirlər ki, istəsən də, istəməsən də qeyd edəcəyik".

Xalq artisti rəqsdən uzaq qalmağın onun üçün çətin olduğunu deyib: "Rəqssiz qalmaq çətindir. 6 yaşımdan bu işlə məşğul olmuşam. 58 il sənətdə olan və işini dəlicəsinə sevən adamın indi uzaq düşməyi asan deyil. Nə nəvələrim, nə də nəticələrim rəqslə məşğul olmaq istədilər. Onlar elm yolunu tutdular. Yaxşı təhsil alıblar.

Sənətimin heyranı idim. Ömrümü bu işə fəda etmişəm. Evdə rəqs etməsəm də, hər səhər gimnastika və idmanla məşğul oluram.

77 yaşım var. İnsan özünü elə saxlamalıdır ki, baxanda desinlər ki, aha, özünü yaxşı saxlayıb. Daxilən özümü xoşbəxt insan hesab edirəm. Ən böyük arzum sağlam olum, nəvə və nəticələrim də yanımda olsunlar. Bundan gözəl nə ola bilər".

Qeyd edək ki, Afaq Məlikova 1947-ci il yanvar ayının 18-də Bakıda anadan olub. Uşaqlığı müharibədən sonrakı çətin illərə təsadüf edib. Kiçik Afaq elə uşaqlıqdan eşitdiyi musiqiləri dodaqaltı zümzümə edir, rəqs etməyi sevirdi. Qızlarının rəqsə hədsiz marağını görən valideynləri onu Bakı Xoreoqrafiya Məktəbinə təyin edirlər. Leyla Vəkilovadan dərs alan gənc xanım istedadı sayəsində xalq artisti adına qədər yüksəlib.

Afaq Məlikova 1963-1974-cü illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti, daha sonra isə solisti və məşqçi pedaqoqu olub. Onun repertuarına Şərq xalqları rəqsləri də daxildir. Bir sıra xarici ölkələrdə (Türkiyə, MƏR, Polşa, Fransa, İngiltərə, Kanada, Portuqaliya, Almaniya, İspaniya və s.) çıxış edib.

1982-ci ildən Dövlət Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb. 2001 və 2007-ci illərdə ona "Şöhrət" və "Şərəf ordeni" verilib.








Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti