Depardye yaxasını qurtardı

Depardye yaxasını qurtardı
  23 Yanvar 2024    Oxunub:998
Paris prokurorluğu məşhur aktyor Jerar Depardye haqqında cinsi istimar ittihamının müddətin başa çatması səbəbi ilə ləğv edildiyini açıqlayıb.
AzVision.az xəbər verir ki, sözügedən ittiham ötən ilin sentyabrında aktrisa Helen Darrasın şikayəti əsasında qaldırılmışdı. Aktrisa iddia etmişdi ki, Depardye 2007-ci ildə "Disko" filminin çəkilişi zamanı onu cinsi istismar edib.

"Hadisəni dilə gətirsəm də, polisə şikayət ərizəsini düz bir il sonra verdim. Bölməyə girib, polis nəfərinə "kiminsə sənin məhrəm yerinə toxunduğunu" söyləmək asan iş deyil. Qərara gəlmək üçün vaxt lazımdır" , - aktrisa demişdi.

Qeyd edək ki, bu, 75 yaşlı Depardye haqqında yeganə şikayət deyil. Belə ki, 15-ə yaxın qadın müxtəlif vaxtlarda onu cinsi istimar, hətta zorlamada ittiham edib. Aktrisa Şarlot Arnönün aktyorun onu 2018-ci ildə evində zorladığı barədə şikayətinə hazırda Paris məhkəməsində baxılır.

İspaniyalı jurnalist və yazıçı Rut Basa da Depardyenin təxminən 30 il əvvəl Parisdə onu zorladığını irəli sürərək, aktyora qarşı İspaniyada cinayət işi qaldırıb.

Hərçənd Fransa incəsənət aləmindən tanınmış simalar, ittihamlara baxmayaraq, öz həmkarlarına qahmar çıxıblar. Depardyeyə qarşı "əsassız ittihamları" qınayanlar arasında Natali Bay, Şarlot Remplinq, Jak Veber, Pyer Rişar, Karla Bruni, Jak Dütron kimi məşhur aktrisa, aktyor və müğənnilər, habelə Fransa prezidenti Emmanuel Makron da var.

Firudin Həmidli
AzVision.az


Teqlər: aktyor   ittiham  





Xəbər lenti