Ədəbiyyat İnstitutunun 90 illik yubileyi keçirilib - FOTOLAR

Ədəbiyyat İnstitutunun 90 illik yubileyi keçirilib -    FOTOLAR
  04 Mart 2024    Oxunub:1043
Martın 4-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Böyük akt zalında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illik yubileyi keçirilib. Yubiley tədbiri “Ədəbiyyatşünaslıq elminin baş qərargahı: ənənələr, mərhələlər və çağırışlar” adı altında qeyd olunub.
AzVision.az xəbər verir ki, tədbirdə Avrasiya Yazıçılar Birliyinin, Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin, TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının rəhbərləri və bir sıra xarici ölkələrdən dəvət olunmuş qonaqlar iştirak ediblər. Həmçinin Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Həmkarlar Təşkilatları Konfederasiyasının və Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədrləri də təmsil olunublar. Bunlardan başqa, Xalq yazıçıları, Milli Məclisin deputatları, ali təhsil ocaqlarının rəsmiləri, müxtəlif qurumların təmsilçiləri, AMEA-nın əməkdaşları və media mənsubları da tədbirə qatılıblar.

Öncə Ədəbiyyat İnstitutunun nəşrlərindən ibarət sərgi nümayiş olunub. İnstituta məxsus müxtəlif şöbələrin müdirləri qonaqları çap məhsulları ilə tanış ediblər.

Yubiley tədbirini AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açıb. Akademik İsa Həbibbəyli ədəbiyyatşünaslıq elminin baş qərargahı hesab olunan Ədəbiyyat İnstitutunun 90 illik yubileyinin xüsusi qeyd edilməsini Azərbaycan elminə və ədəbiyyatına böyük dəyər kimi mənalandırıb. Yubileylə əlaqədar “Ədəbiyyat qəzeti”nin xüsusi buraxılışının dərc olunmasını institutun Yazıçılar Birliyi və mətbuatla sıx əlaqəsinin bir nümunəsi olduğunu vurğulayıb. O, humanitar elmlər içərisində öz yeri olan ədəbiyyatşünaslığın institutda sanballı alimlər tərəfindən layiqincə öyrənildiyini diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Sultan Raev, Azərbaycan Həmkarlar Təşkilatları Konfederasiyasının sədri, Milli məclisin deputatı Səttar Möhbalıyev, Xalq yazıçısı Elçin çıxış edərək 90 yaşlı elm məbədinin tarixinə nəzər salaraq görülmüş böyük işlərdən danışıblar.

Sonra Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev, Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu, Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru akademik Şuxrat Siracəddinov və filologiya üzrə fəlsəfə doktoru Aysel Qurbanova Ədəbiyyat İnstitutunun tarixi xidmətlərindən və qarşıda duran vəzifələrdən söz açıblar.

Sonda alimlərin mükafatlandırılması mərasimi keçirilib.

AzVision.az

Qalereya




Teqlər: Ədəbiyyat-İnstitutu   yubiley  





Xəbər lenti