Bakıda "Tomris" adlı beynəlxalq sərgi açılıb - FOTOLAR

   Bakıda "Tomris" adlı beynəlxalq sərgi açılıb -    FOTOLAR
  05 Mart 2024    Oxunub:1026
Heydər Əliyev Mərkəzində türk dünyası rəssamlarının "Tomris" beynəlxalq sərgisinın açılış mərasimi keçirilib. Tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə baş tutub.
AzVision.az xəbər verir ki, sərgidə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan 20-yə yaxın rəssamın əsərləri nümayiş olunur.

Açılış mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova tarixi şəxsiyyət hesab edilən Tomrisin Türk dünyasının mərkəzi fiqurlarından biri olduğunu diqqətə çatdırıb. “Tomris həm Qərb, həm də Şərq incəsənətinin ikonik fiqurlarından hesab olunur. Onun obrazına Herodot vasitəsilə İntibah dövrünün böyük sənətkarları müraciət ediblər. Tomrisin obrazına müraciət XX əsrdə türk rəssamları, yazıçıları və digər incəsənət xadimləri tərəfindən olsa da, XXI əsrdə o yeni ruh, yeni rəng əldə edib”, - deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, bugünkü sərgi Tomris obrazına müxtəlif yanaşmaları, fərqli bədii üslubları özündə əks etdirir. “Tomris həm hökmdar, həm sərkərdə, həm də incə xanım, ana obrazlarını özündə birləşdirir. Türk tarixində və mədəniyyətində onun özünəməxsus yeri var”, - deyə S.Yusifova əlavə edib.

TÜRKSOY-un Baş katibi Sultan Rayev qeyd edib ki, bu sərgi 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində Türk dünyası xalqlarının qadınlara verdiyi önəmi vurğulamaq məqsədilə ilk qadın hökmdar və sərkərdə olan Tomrisə həsr edilib. “Tomris haqqında çoxlu tarixi əsərlər yazılıb, kino və teatrda onun obrazı yaradılıb. Həm dünya, həm də türk rəssamlarının böyük diqqətini çəkib və mədəni irsimizə də zənginlik qazandırıb. Bu sərginin Azərbaycanda açılmasının xüsusi əhəmiyyəti var. Tarixi mənbələrdən əldə etdiyimiz məlumata görə, Tomris Xatun bu torpaqlarda yaşayıb və Türk dünyasının ilk qadın hakimi adını alıb”, - deyə Baş katib söyləyib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova öz növbəsində müasir rəssamların əsərlərinin ortaq irsimizi, qəhrəmanlarımızı, tariximizi, ənənələrimizi ifadə etdiyini deyib. O vurğulayıb ki, bu cür tədbirlərin keçirilməsi ortaq köklərə sahib türk xalqları arasında körpülərin qurulmasına öz töhfəsini verir.

Qazaxıstan Rəssamlar İttifaqının üzvü Batagöz Toleş, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini Səlhab Məmmədov, Xalq rəssamı Sakit Məmmədov sərgi haqqında fikirlərini bölüşüblər.

Çıxışlardan sonra TÜRKSOY tərəfindən sərgidə əsərləri nümayiş olunan rəssamlara mükafat təqdim edilib. Azərbaycan Mədəniyyət Nazirliyi isə TÜRKSOY-un xüsusi mükafatına layiq görülüb.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

AzVision.az

Qalereya




Teqlər: Bakı   rəsm   sərgi  





Xəbər lenti