Biləsuvarda Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı konfrans keçirilib - FOTOLAR

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı konfrans keçirilib -    FOTOLAR
  29 Mart 2024    Oxunub:1205
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib.
AzVision.az xəbər verir ki, konfransda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Tarix nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin baş elmi işçisi, dosent, tarix üzrə elmlər doktoru Vaqif Abışov, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə-müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımları, etnik təmizləmə və deportasiya siyasəti barədə məlumat verərək, mənfur qonşularımızın tarix boyu “böyük Ermənistan” xülyası ilə yaşadıqlarını və hər zaman torpaqlarımıza göz dikdiklərini söyləyiblər. Bildirilib ki, Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın xalqımızın tarixinə qanlı hərflərlə yazılıb. 1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı zamanı Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan, Salyan, Neftçala və digər ərazilərdə yüzlərlə kənd dağıdılıb, 10 minlərlə azərbaycanlı amansızcasına öldürülüb və itkin düşüb.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları ilk dəfə rəsmi şəkildə bəyan olunub. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılması haqqında” 2009-cu il 30 dekabr tarixli Sərəncam Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində atılan mühüm addımdır.

Konfransda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin tarixi ilə bağlı həqiqətlərin, xalqımızın haqq səsinin dünyaya çatdırılması istiqamətində həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyətindən də söhbət açılıb.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan xalqı faciə qurbanlarının xatirəsini hər zaman xüsusi ehtiramla yad edir.

AzVision.az

Qalereya




Teqlər: Soyqırımı-Günü   konfrans   Biləsuvar  





Xəbər lenti