Belousovun təyinatı Rusiya-Ukrayna müharibəsinə necə təsir edəcək? - RƏY

   Belousovun təyinatı Rusiya-Ukrayna müharibəsinə necə təsir edəcək? -    RƏY
  14 May 2024    Oxunub:1100
Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı güclənmək və NATO ilə gələcək qarşıdurmaya hazır olmaq üçün müdafiə naziri Sergey Şoyqunu Andrey Belousovla əvəz edib. Məlumata görə, onun hərbi xidmətdə heç bir təcrübəsi yoxdur.

Analitiklərinin fikrincə, Belousovun Şoyqunun yerinə təyin olunması normaldır. Çünki 2012-ci ildən müdafiə naziri olan Şoyqu orduda xidmət göstərməyib.


Bəs, yeni təyinat Rusiya-Ukrayna müharibəsinə necə təsir göstərəcək?
Hərbi ekspert Ədalət Verdiyev AzVision.az-a bildirib ki, Şoyqunun vəzifədən azad edilməsi gözlənilən idi:

“Müdafiə naziri kimi Şoyqu Putinin tapşırıqlarının öhdəsindən gələ bilmədi. Onun dövründə Ukrayna-Rusiya müharibəsinin 4 gün ərzində başa çatdırılması proqnozlaşdırılırdı. Amma bu müharibə 3 ildir davam edir. Belə olan halda onun növbəti dəfə müdafiə naziri olma ehtimalı az idi. Belousovun təyinatından sonra da müharibədə köklü dəyişikliklərər gözləmək olmaz. Çünki Belousov da hərbi məsələlərdən uzaq biridir”.



İSV: “Niyə Şoyqunun yerinə Putin Belousovu gətirib?”
Ekspertin sözlərinə görə, Belousovun daha çox ordunun təminat və təchizat məsələlərinə diqqət artıracağı gözlənilir.

"Əməliyyatları əvvəlki kimi Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Valeri Gerasimov idarə edəcək. Onun tətbiq etdiyi döyüş taktikasının da müharibənin gedişatına ciddi təsiri olmayıb”.

Politoloq İlyas Hüseynov isə qeyd edir ki, Rusiya ordusuna faktiki olaraq hərbidən tamamilə uzaq birisi rəhbərlik edəcək:

“Müxtəlif dövlətlərdə mülki şəxslərin orduya rəhbərlik etdiyini görmüşük. Lakin ordunun həm kadr potensialı, həm hazırlığı, həm də silah arsenalının təchiz edilməsində baş qərargah rəisi iştirak edir. Rusiya da bu modelə keçid edir. Sergey Şoyqu təhlükəsizlik şurasının katibi kimi ordu fəaliyyətinin işində yaxından iştirak edəcək. Amma Rusiya Ukrayna ilə müharibə şəraitindədir. Eyni zamanda NATO ilə qarşıdurma, nüvə müharibəsi təhdidləri kimi ağır sınaqlar qarşısındadır”.


Ekspertin fikrincə, Belousovun təyinatı daha çox iqtisadi motivli olacaq:

"Silah təchizatı, ixracı, eləcə də ordunun bütün iqtisadi tələbatların ödənilməsi məsələsinə yenidən baxılacaq. Əsas məsələ generalların buna necə yanaşacağıdır. Hərbçilər bunu nə cür qəbul edəcək? Lakin Vladimir Putinin bu məsələdə siyasi iradəsi var və bütün ordu komandanlığı hazırkı yanaşmanı qəbul etməlidir”.

Həmidə İbrahimova

AzVision.az


Teqlər:   Rusiya   Ukrayna   SergeyŞoyqu   Müharibə  





Xəbər lenti