Pakistan İraqa qırıcılar və təlim təyyarələri verəcək

   Pakistan İraqa qırıcılar və təlim təyyarələri verəcək
  13 May 2024    Oxunub:926
Pakistan İraqın Hərbi Hava Qüvvələrini 12 ədəd "JF-17 Thunder" qırıcısı və eyni sayda "MFI-395 Super Mushshak" təlim təyyarəsi ilə təchiz edəcək.
Bu barədə EurAsian Times məlumat yayıb. Belə ki, İslamabadda Pakistan Müdafiə Nazirliyinin nümayəndələri və İraq hərbi nümayəndə heyətinin iştirakı ilə keçirilən danışıqlarda "JF-17 Thunder" qırıcılarının və “Super Mushshak” təlim təyyarələrinin tədarükü haqqında saziş imzalanıb. Sazişin dəyəri 1,8 milyard dollardır.

"JF-17 Thunder" Çin və Pakistanın birgə hazırladığı qırıcı-bombardmançıdır, eyni vaxtda 15 hava hədəfini izləmək və dörd hədəfi tutmaq qabiliyyətinə malikdir. Bu da onu, məsələn, Hindistanın "Tejas Mk.2" və Fransanın "Rafale"sindən daha effektiv edir.

Bu qırıcının Çin versiyası olan "Chengdu FC-1 Xiaolong", 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Çində istehsal olunan Sovet "MiQ-21" təyyarəsi əsasında Pakistan hökumətinin maliyyə dəstəyi ilə "Chengdu Aircraft Corporation" tərəfindən yaradılıb. 2009-cu ildə Çin və Pakistan "JF-17" qırıcılarının birgə seriyalı istehsalına başlamaq üçün müqavilə bağladılar və 2011-ci ilin avqust ayına qədər Pakistanda 26 ədəd "JF-17" istehsal edildi.

"JF-17 Thunder" qırıcısının uzunluğu 14,97 metr, açıq vəziyyətdə qanadlarının ölçüsü 9,46 metr, hündürlüyü isə 4,77 metrdir. Hazırda "JF-17 Block-III" "JF-17 Thunder" qırıcılarının ən son təkmilləşdirilmiş modelidir. Təyyarə "KLJ-7A" aktiv fazalı massiv antena şəbəkəsi və geniş bucaqlı holoqrafik displeylə təchiz edilib.

"JF-17 Blok-III" təyyarələrinin seriya istehsalına 2020-ci ildə başlanılıb. Bu versiya digər üstünlüklərlə yanaşı, uçuş zamanı yanacaq doldurma sisteminə və uzaq məsafədən hədəfi aşkar etməyə imkan verən yenilənmiş radar sisteminə malikdir. Bundan əlavə, təyyarə kabinədə bir neçə rəngli displey və dəbilqəyə quraşdırılmış nişangahla təchiz olunub ki, bu da təyyarəni idarə etməyi və hava döyüşü aparmağı xeyli asanlaşdırır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti