Yeni Kaledoniyada etirazçılar yolları bağlayıblar

   Yeni Kaledoniyada etirazçılar yolları bağlayıblar
  20 May 2024    Oxunub:752
Fransa Ali Komissiyası mayın 20-də bildirib ki, Yeni Kaledoniyaya əlavə min polis nəfəri göndərilib və küçələrdə etirazlar nisbətən azalıb. Lakin etirazçılar yolları bağlayıb və hava limanının fəaliyyəti bərpa olunmayıb. Birhəftəlik iğtişaşlardan sonra turistlər bu Sakit okean adasında qapalı vəziyyətdə qalıblar.
“Reuters” agentliyi xəbər verir ki, Fransanın idarə etdiyi ərazidə etirazları təşkil edən fəal qrup - Sahə Fəaliyyəti Koordinasiya Şəbəkəsi (CCAT) mayın 20-da verdiyi bəyanatda blokadaların davam edəcəyini bildirib və etirazçı insanları dinc vasitələrdən istifadə etməyə çağırıb.

Yeni Kaledoniyanın hökumət rəsmiləri bildiriblər ki, yol blokları bir neçə bölgədəki mağazalara ərzaq tədarükünü və tibb işçilərinin təhlükəsiz hərəkətini çətinləşdirir. “Qeyd etmək vacibdir ki, problem kadr çatışmazlığı, tibbi və ərzaq təchizatı deyil, sadəcə yol hərəkəti ilə bağlıdır”, -deyə hökumətin bəyanatında qeyd olunub.

Fransanın ərazidəki yüksək vəzifəli rəsmisi Lui Le Frank bazar günü axşam saatlarında polisin paytaxt Numeadan beynəlxalq hava limanına gedən yola nəzarəti bərpa etmək əməliyyatının bir neçə gün çəkəcəyini söyləyib. Ali Komissiya bu gün bildirib ki, jandarmlar artıq 76 yol blokunu söküb.

Turistlərin əksəriyyətinin - 300 nəfərinin mənsub olduğu Avstraliya hökuməti bildirib ki, otellərdə qapalı qalan turistləri təxliyə etmək üçün Yeni Kaledoniyaya evakuasiya uçuşu ilə bağlı Fransa hakimiyyətindən razılıq almağa çalışır.

AzVision.az


Teqlər:





Xəbər lenti