Ermənistan Putinin və Netanyahunun həbsinə razıdır

   Ermənistan Putinin və Netanyahunun    həbsinə razıdır
  03 Dekabr 2024    Oxunub:336
Beynəlxalq hüquq normalarını gücləndirmək üçün Ermənistan Beynəlxalq Cinayət Məhkəməsi (ICC) ilə əməkdaşlığa hazırdır.
AzVision.az xəbər verir ki, Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) sədri Tomoko Akane ilə görüşü zamanı belə deyib.

“Nazir Mirzoyan Ermənistanın beynəlxalq hüquq normalarına riayət və qanunun aliliyinin təmin edilməsinə yönəlmiş beynəlxalq əməkdaşlıq səylərində iştirak etməyə hazır olduğunu vurğulayıb”, - Ermənistan XİN-in rəsmi saytında yerləşdirilmiş bəyanatda bildirilir.

Diplomatik nümayəndəliyin mətbuat xidmətinin açıqlamasına görə, tərəflər beynəlxalq ədliyyə sisteminin qarşısında duran vəzifələri müzakirə edərək, genişmiqyaslı böhranlara düzgün cavab vermək, habelə sülhün təminatı müstəvisində əməkdaşlıq üçün müstəqil məhkəmə mexanizmlərinin gücləndirilməsinin mühüm rolunu vurğulayıblar.

- Görüş zamanı tərəflər həmçinin məhkəmə ilə yardım prosedurunun aspektlərinin tənzimlənməsi üçün Roma Statutunun müddəalarına uyğun olaraq milli qanunvericiliyin təkmilləşdirilməsi üzrə işlərin gedişini müzakirə ediblər”, - məlumatda deyilir.

Qeyd edək ki, ötən ilin oktyabrında Ermənistan prezidenti Vaaqn Xaçaturyan ICC-nin Roma Əsasnaməsinin ratifikasiyasını təsdiqləyib. Ermənistan parlamentinin ICC-nin Roma Əsasnaməsini təsdqiləməsinə münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, öz növbəsində, belə bir addımdan sonra İrəvanın hazırkı rəhbərliyinə qarşı Moskvanın əlavə sualları olacağını diqqətə çatdırıb. Bununla belə, 2024-cü il fevralın 1-də Ermənistan rəsmi qaydada ICC-nin üzvü olub.

Ararat Mirzoyanın ICC-nin sədri Tomoko Akane ilə görüşdə verdiyi bəyanat hüquqi baxımdan İrəvanın Rusiya prezidenti Vladimir Putinin və İsrailin baş naziri Binyamin Netanyahunun həbsi barədə bu qurumun verdiyi qərarları yerinə yetirməyə hazır olduğuna dəlalət edir.

Sahil İsgəndərov
AzVision.az





Teqlər: Ermənistan   ICC   əməkdaşlıq  





Xəbər lenti