İranın Yaxın Şərqə yeni qapısı: PKK

 İranın Yaxın Şərqə yeni qapısı:  PKK
  13 Yanvar 2025    Oxunub:554
Tehran PKK terror təşkilatına "Türkiyəyə qarşı istifadə" məqsədilə 1500 kamikadze tipli pilotsuz uçuş aparatı (PUA) göndərəcək.
Məlumata görə, tərəflər arasında razılaşma İraq ərazisində aparılıb, lakin "Türkiyə Silahlı Qüvvələrinin ərazidə güclü nəzarəti səbəbi ilə" PUA-lar terrorçulara hələlik təhvil verilməyib.

"Türkiyənin təzyiqi fonunda PKK yeni üsullar axtarmağa məcbur qalıb. Belə ki, terrorçular PUA-ları hissə-hissə Suriya ərazisinə keçirməyə çalışsalar da, bu planın uğurlu alınıb-alınmaması qeyri-müəyyən qalır", - mənbə yazır.
Türkiyə və Suriya birgə hərbi əməliyyata başlayır

Bildirilir ki, Suriyada Bəşər Əsəd rejiminin devrilməsi nəticəsində bu ölkədə öz təsirini itirən, habelə "Hizbullah" və HƏMAS-ın rəhbər şəxslərinin İsrail Silahlı Qüvvələri tərəfindən bir-birinin ardınca öldürülməsi fonunda Yaxın Şərqlə "əlaqəsi qopan" İran digər terror təşkilatları vasitəsilə nüfuzunu yenidən artırmağa çalışır. Bu mənada Suriyada vəziyyətin qarışması ilə fəallaşan kürd separatçıları Tehran üçün əsl fürsətdir. Terrorçuların həm Suriyanın yeni rəhbərləri ilə, həm də Türkiyə ilə anlaşmazlıqları, görünür, İranın nəzərində "Yaxın Şərqdə cilovu ələ keçirmək"dən ötrü münbit zəmindir. Hər halda, Ankaranın belə bir cəhdə imkan verməyəcəyi açıq-aşkardır. Belə ki, ötən günlərdə verilən məlumata görə, Türkiyə Suriya ilə birgə kürd separatçılarına qarşı böyük hərbi əməliyyata başlayır. İranın PKK terrorçularını silahlandırmağa başlaması da bu faktı təsdiqləyir.

Maraqlıdır ki, İran Suriyanın yeni rəhbərliyi ilə "müsbət əlaqələr" qurmağa çalışsa da, bu baş tutmayıb. Çünki hələ Bəşər Əsəd rejiminin devrilməsi ərəfəsində başlayan gərgin münasibətlər fonunda "Dəməşq Tehranın dəstəklədiyi silahlı qruplaşmaların Suriyadan İsrailə yeni cəbhə açmalarına icazə verməmişdi".

"Suriyanı itirdik, bu, fəxr duyulası şey deyil. Ağır məğlubiyyətə uğrayıb çox böyük zərbə aldıq", - İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Suriya üzrə komandirlərindən biri, briqada generalı Bəhruz İsbati bildirmişdi.

Hazırkı mənzərə göstərir ki, İran öz adətini tərgitməyib. O, yenidən Yaxın Şərqdəki bu, ya digər terrorçuları dəstəkləməklə regionda təhlükəsizlik və sabitliyi pozmağa çalışır. Əlbəttə, nəzərə alsaq ki, burada bir çox başqa ölkənin, xüsusilə də Türkiyənin maraqları toqquşur, İranın öz himayəsində saxlamağa çalışdığı qruplaşmalardan "xeyir görməyəcəyi" aydın məsələdir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   Türkiyə   Suriya   PKK   PUA  





Xəbər lenti