Aİ Amerikada “casus oyunları”na hazırlaşır

   Aİ Amerikada “casus oyunları”na hazırlaşır
  15 Aprel 2025    Oxunub:423
Avropa Komissiyası (AK) ABŞ-nin mümkün casusluğu ilə bağlı artan narahatlıqlar fonunda öz işçiləri üçün rəqəmsal təhlükəsizlik tədbirlərini gücləndirib.
AzVision.az Böyük Britaniyanın “Financial Times (FT)” nəşrinə istinadən xəbər verir ki, ABŞ-yə səfər edən avropalı məmurlara indi birdəfəlik telefonlar və yüngül noutbuklar verilir.

“Avropa İttifaqı (Aİ) rəsmiləri Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının (DB) aprelin 21-dən 26-dək Vaşinqtonda keçiriləcək yaz sessiyası öncəsi yeni təlimatlar alıblar. Nümayəndə heyətinə üç Avropa komissarı daxil olacaq”, - vəziyyətlə tanış olan dörd mənbə nəşrə bildirib.

Yeni təhlükəsizlik tədbirləri üçüncü ölkələrdən kibercasusluq təhlükəsi səbəbindən şəxsi elektronikadan istifadənin qadağan edildiyi Çin və ya Ukraynaya səfərlər üçün istifadə olunan protokollar arasında atılan bir addımdır. Brüssel indi Vaşinqtonun da AK-nin sistemlərinə çıxış əldə etməyə cəhd göstərə biləcəyindən narahatdır.

- Onlar həqiqətən də ABŞ-nin AK-nin sistemlərinə nüfuz edə biləcəyindən narahatdırlar”, - avropalı məmurlardan biri deyib.

AK təhlükəsizlik protokollarının nəzərdən keçirildiyini təsdiqləsə də, məsələnin təfərrüatlarını açıqlamayıb. Yeganə məlum olan budur ki, protokolların hazırlanmasında Aİ-nin Xarici Siyasət xidməti də iştirak edib.

Yeni tövsiyələr arasında sərhəddə telefonları söndürmək və uzaqdan girişin qarşısını almaq üçün qoruyucu qutulardan istifadə etmək tədbirləri də yer alıb. Amerikanın sərhəddə rəqəmsal cihazların sahibini xəbərdar etmədən yoxlama təcrübəsi xüsusi narahatlıq doğurur.

Artan təhlükəsizlik tədbirləri Donald Trampın Ağ Evə qayıtmasından sonra Brüssellə Vaşinqton arasında münasibətlərin açıq şəkildə soyumasının nəticəsidir. Eyniz zamanda, bu fonda tərəflər bir sıra həssas mövzular üzrə danışıqları davam etdirirlər ki, burada Aİ-nin ehtiyatlandığı əsas məqamlardan biri Vaşinqtonun məxfi məlumatların toplanmasında maraqlı ola bilməsidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   "casusluq"  





Xəbər lenti