Rəsmi Bakıdan Polşaya CAVAB

Rəsmi Bakıdan Polşaya CAVAB
  11 Avqust 2014    Oxunub:2567
Azərbaycan Polşanın Xarici İşlər Nazirliyinin ötən günki bəyanatına cavab verib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a daxil olan bəyanatda bildirilir ki, AR XİN Polşa XİN-in bəyanatını qəbul etmir.

Bu bəyanat daha çox qeyri-hökumət təşkilatının bəyanatına bənzəyir. Polşa tərəfi bundan sonra Azərbaycanla bağlı bəyanatlarda maksimum dərəcədə diqqətli və məsuliyyətli olmalıdır. Hesab edirik ki, bəyanat yalnız Polşa XİN-in mövqeyini əks etdirir.

Azərbaycan tərəfinin dəfələrlə vurğuladığı kimi Azərbaycanda vətəndaş cəmiyyəti fəalları da daxil olmaqla, heç kim siyasi baxışlarına və fəaliyyətinə görə təqib və mühakimə olunmur. Polşa tərəfinin bəyanatında guya hüquq müdafiəçilərinə əsassız ittihamların irəli sürülməsi ilə bağlı iddia tamamilə əsassızdır. Qanunun aliliyinin tam təmin olunduğu ölkə kimi Azərbaycanda hər hansı siyasi fəaliyyət heç kimi qanun qarşısında məsuliyyətdən azad etmir. Bəyanatda adları çəkilmiş şəxslər konkret cinayət əməllərində təqsirləndirilmişlər və onların mühakiməsi Azərbaycan qanunvericiliyinə uyğun olaraq təmin olunacaqdır. Azərbaycanda məhkəmə sistemi tamamilə müstəqildir və hər hansı bir kənar müdaxilə siyasi təzyiq cəhdi kimi qiymətləndirilir və Azərbaycan tərəfindən rədd edilir.

"Fundamental hüquq və azadlıqların pozulmasının sosial gərginliyə yol açacağı" ilə bağlı isə AR XİN Polşa tərəfini narahat olmamağa çağırır. Azərbaycan dünya iqtisadi və maliyyə böhranının təsir etmədiyi az saylı ölkələrdən biridir və sürətli iqtisadi inkişaf nəticəsində ildən ilə vətəndaşlarının sosial rifahı daha da yüksəlir.

Azərbaycan ərazilərinin işğalına, 1 milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının kütləvi şəkildə pozulmasına və son günlər Ermənistanın təşkil etdiyi kəşfiyyat-diversiya əməliyyatları nəticəsində Azərbaycan əsgərlərinin şəhid olmasına, mülki əhalinin belə hədəfə alınmasına və nəticədə cəbhə xəttində gərginliyin daha da artmasına Polşa tərəfindən reaksiyanın verilməməsi ikili standartların bariz nümunəsidir. Belə təəssürat yaranır ki, Polşa tərəfi insan hüquqlarına münasibətdə üçüncü tərəfin təlimatına əsasən qərəzli və ayrı-seçkilik salan yanaşma ilə çıxış edir.

Ərazisində gizli saxlanma məntəqələrinin mövcudluğuna, Roma icmasına qarşı geniş yayılmış diskriminasiyaya, eləcə də irqi zəmində zorakılığa görə beynəlxalq səviyyədə qınaq obyektinə çevrilmiş bir ölkənin bu problemləri aradan qaldırmaq əvəzinə özünü dünyada insan hüquqlarının pozulmasından narahatlıq keçirən ölkə kimi təqdim etmək cəhdi təəssüflə qarşılanır. Yuxarıda qeyd edilən ikili standartlar və Polşanın özündə olan problemlər fonunda Polşa XİN-i bu tipli bəyanatları ilə tamamilə qeyri-səmimi görünür.

Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, Xarici İşlər Nazirliyi Polşanı Azərbaycanın daxili işlərinə yersiz müdaxilələrdən çəkinməyə çağırır.

Bu tipli bəyanatlar Azərbaycan və Polşa arasındakı münasibətlərin ruhuna uyğun gəlmir və onların inkişafına xələl yetirir.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti