`Cəbhədə yerləşən bələdiyyələr daha çox pul alacaq`

`Cəbhədə yerləşən bələdiyyələr daha çox pul alacaq`
  12 Avqust 2014    Oxunub:1829
Artıq cəbhə xəttində və sərhəd zonasında yerləşən bələdiyyələr büdcədən daha çox pul ala biləcəklər.
AzVision.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyevin "Büdcə sistemi haqqında" qanuna dəyişikliklərin edilməsi ilə sərəncamından danışarkən iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan Prezidenti “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanuna dəyişikliklər edilib:

` Əgər əvvəllər bələdiyyəyə dotasiya verilən zaman onun ərazisində yaşayan əhalinin sayı və ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onun xüsusi çəkisi və digər amillər nəzərə alınırdısa son dəyişikliklərdən sonra bu meyarlar dəqiqləşib.

Dəyişikliklərə görə, bələdiyyənin gəlir və xərcləri, bələdiyyəyə daxil olan yaşayış məntəqələrinin cəbhə xəttində, sərhəd zonasında, yüksək dağlıq ərazidə yerləşməsi, yerli əhalinin yaşayış səviyyəsi, nəzərdə tutulan sosial-iqtisadi layihələr də dotasiya verilən zaman nəzərə alınmalıdır. Bu isə o deməkdir ki, artıq cəbhə xəttində və sərhəd zonasında yerləşən bələdiyyələr büdcədən daha çox pul ala biləcəklər.

Dəyişikliyin digər müsbət tərəfi subvensiyaların verilməsi ilə bağlı konkret meyarların müəyyənləşdirilməsidir. Belə ki, son dəyişikliklərdən sonra dövlət büdcəsində bələdiyyələrə subvensiyanın ayrılması ayrıca sətirlə müəyyən edilir. Eyni zamanda, dövlət büdcəsindən subvensiyanın ayrılması üçün bələdiyyələr və onların təmsil olunduqları milli assosiasiyalar hər il martın 15-dək təkliflərini təqdim edir. Daha sonra həmin təkliflər 30 gün müddətində yoxlanılaraq vəsaitin ayrılması statusu ilə bağlı qərar verilir. Müsbət cavab alan bələdiyyələr isə maliyyə-iqtisadi əsaslandırmalarını mayın 1-dək bələdiyyələr tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.
Beləliklə, ölkə Prezidentinin son sərəncamı bələdiyyələrin dövlət büdcəsindən daha çox vəsait almasına imkan yaradacaq ki, bu da onların maliyyə imkanlarının genişlənməsinə səbəb olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti