Orxan Zeynalov Azərbaycana gətirilə bilər

Orxan Zeynalov Azərbaycana gətirilə bilər
  21 Avqust 2014    Oxunub:3007
“Rusiyada həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun ölkəmizə ekstradisiyası mümkündür. Çünki Rusiya ilə Azərbaycan arasında belə bir müqavilə var”.

Bu barədə AzVision.az-a açıqlamasında hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə Rusiyada qətl törətməkdə şübhəli bilinərək həbs edilən Orxan Zeynalovun Azərbaycana ekstradisiya olunması haqda danışarkən bildirib.

Deputat hesab edir ki, məhkəmənin qərarından sonra bu məsələyə baxıla bilər:

“Dövlətlər arasında razılığa əsasən bu adamlara imkan verilməlidir ki, cəzalarını öz ölkələrində çəksinlər. Bu baxımdan Orxan Zeynalov da məişət xarakterli hadisə törədib. Çox təəssüf ki, Rusiya tərəfi bunu siyasiləşdirməyə cəhd elədi. Əslində isə bu, Rusiyada baş verən yüzlərlə ölüm hadisəsindən biridir”.

Ç.Qənizadənin sözlərinə görə, Orxan Zeynalovun Azərbaycana ekstradisiyası üçün onun ailəsi Ədliyyə Nazirliyinə müraciət etməlidir: “Ədliyyə Nazirliyinin beynəlxalq idarəsi tərəfindən Rusiyaya müraciət edilir. Bundan sonra onun 5-6 ay, yaxud da 1 il müddətində Azərbaycana köçürülməsi mümkündür”.

Rusiyada 17 il həbs cəzasına məhkum olunmuş Azərbaycan vətəndaşı Orxan Zeynalov cəzasını vətənində çəkmək istəyir. Bunu O. Zeynalovun vəkili Viktor Anikuşkin deyib. O bildirib ki, məhkəmə qərarından apelyasiya şikayəti verən və hökmü hələ qüvvəyə minməyən Orxan vəkili vasitəsilə Azərbaycanın Rusiyadakı səfirliyi ilə danışıqlar aparır.

Qeyd edək ki, O. Zeynalov 2013-cü ilin oktyabrında Moskva sakini Yeqor Şerbakovu öldürməkdə ittiham olunaraq 17 il müddətinə azadlıqdan məhrum edilib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti