Mərkəzi Bank yeni qaydaları təsdiq etdi
Qaydaya əsasən, bundan sonra da kredit ittifaqının kapitalı 4 min manat məbləğindən az olmamalıdır. Əsas dəyişiklik isə kredit ittifaqlarında xüsusi ehtiyat fondunun yaradılması ilə bağlıdır. İndiyə qədər qüvvədə olan “Kredit ittifaqının iqtisadi tənzimləmə normativləri (prudensial normativlər) haqqında Qaydalar”na əsasən kredit ittifaqları tərəfindən “ümidsiz” kreditlərin silinməsi üçün yaradılmış kapital ehtiyatları kifayət etmədikdə xüsusi ehtiyat fondu yaradılıb. Xüsusi ehtiyat fondu qaytarılma müddəti 59 günədək gecikdirilmiş qeyri-qənaətbəxş kreditlərin 30 faizi, qaytarılma müddəti 60 gündən 179 günədək gecikdirilmiş təhlükəli kreditlərin 60 faizi, qaytarılma müddəti 180 gün və daha çox gecikdirilmiş ümidsiz kreditlərin 100 faiz həcmində normalarda yaradılıb. Yeni Qaydaya əsasən isə kredit ittifaqı öz maliyyə vəziyyətini və əməliyyatlarının nəticələrini aydın və obyektiv təsəvvür etmək üçün bütün verdiyi kreditləri rübdə ən azı bir dəfə qiymətləndirməli və fəaliyyəti nəticəsində dəyən zərəri ödəmək məqsədilə kreditlərin təsnifatından asılı olaraq xərclər hesabına xüsusi ehtiyat fondu yaratmalıdır. Xüsusi ehtiyatları bağlı normativə artıq qənaətbəxş kreditlər də daxil edilib, eyni zamanda qeyri-qənaətbəxş, təhlükəli, ümidsiz kreditlərlə bağlı müddət çərçivəsi dəyişdirilib. Başqa sözlə, bundan sonra kredit ittifaqları xüsusi ehtiyat fondunu əsas məbləği və ya faiz borclarının qaytarılma müddəti müqavilədə müəyyən olunmuş tarixdən 30 günə qədər keçmiş qənaətbəxş kreditlərin əsas və faiz məbləğinin ödənilməmiş hissəsinin 0%-i həcmində, əsas məbləği və ya faiz borclarının qaytarılma müddəti müqavilədə müəyyən olunmuş tarixdən 31 gündən 90 günədək keçmiş qeyri-qənaətbəxş kreditlərin əsas və faiz məbləğinin ödənilməmiş hissəsinin 30%-i həcmində, əsas məbləği və ya faiz borclarının qaytarılma müddəti müqavilədə müəyyən olunmuş tarixdən 91 gündən 180 günədək keçmiş təhlükəli kreditlərin əsas və faiz məbləğinin ödənilməmiş hissəsinin 60%-i həcmində, əsas məbləği və ya faiz borclarının qaytarılma müddəti müqavilədə müəyyən olunmuş tarixdən 181 gündən çox keçmiş qismən ümidsiz kreditlərin əsas və faiz məbləğinin ödənilməmiş hissəsinin 100%-i həcmində yaradılacaq.
Yeni Qaydaya əsasən, kredit ittifaqı tərəfindən verilmiş kreditlərin və onlara hesablanmış faizlərin qaytarılması tarixləri kredit ittifaqının öhdəliklərinin icra müddətlərini üstələməlidir. Aktivlər və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu normativi minimum 1-ə bərabər və ya ondan çox olmalıdır. Aktivlər və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu normativi hesabat tarixinə aktivlərin cəminin (cari kreditlər, ödənilməsi gözlənilən faizlər və digər aktivlər) öhdəliklərin cəminə (kənardan cəlb edilmiş kreditlər, onlara ödəniləcək faizlər və digər öhdəliklər) nisbəti kimi ən azı 0-30, 31-90, 91-180, 181-365 və 365 gündən çox gecikdirilmiş öhdəliklər üzrə hesablanır. Aktivlər və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu normativinin hesablanması zamanı kredit ittifaqı üzvlərinin vaxtı keçmiş kreditləri və onlara hesablanmış faizlər üzrə borc məbləğləri aktivlərin cəmində nəzərə alınmır. Kredit ittifaqının bir üzvünə verdiyi kreditin maksimum məbləği kredit alan üzvün kredit ittifaqının nizamnamə kapitalında payının 10 mislindən və qarşılıqlı kredit fondu vəsaitlərinin 10 faizindən çox olmamalıdır. Kredit ittifaqının bir üzvünə verdiyi kreditin maksimum məbləğinin hesablanması zamanı onun kredit ittifaqına bu tarixə olan kredit öhdəlikləri üzrə əsas məbləğlərin qalıqları nəzərə alınır. Kredit ittifaqının öz üzvlərinə verdiyi təminatsız kreditlərin maksimum məbləği normativi 0.2-yə bərabər və ya ondan çox olmalıdır. Təminatsız kreditlərin maksimum məbləği normativi kredit ittifaqı tərəfindən verilmiş təminatsız və tam təminatı olmayan kreditlərin təmin olunmamış hissəsinin cəminin kredit ittifaqının kapitalına nisbəti kimi hesablanır.
Teqlər: