Prezidentlə görüşdə media və dövlət orqanları məsələsi qaldırıldı
AzVision.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşü zamanı çıxış edərək bildirib.
U. Rəhimoğlu deyib: “Bəllidir ki, dövlətin və vətəndaş cəmiyyətinin hərtərəfli inkişafında kütləvi informasiya vasitələrinin, medianın özünəməxsus rolu var. Media ictimai rəyin formalaşdırılması ilə yanaşı, müxtəlif təmayüllərin cəmiyyətdə təşəkkül tapması üçün əsas vasitədir. Biz çox yaxşı anlayırıq ki, bu gün Sizin əzmkar və cəsarətli siyasətiniz nəticəsində Azərbaycanın beynəlxalq arenada söz sahibi olması, beynəlxalq münasibətlər sistemində yerini möhkəmləndirməsi ölkəmizin və dövlətçiliyimizin gücləndirilməsini istəməyən qüvvələrin ürəyincə deyildir”.
“Amma fərəh hissi ilə deyə bilərəm, ötən ay paytaxtımızda təşkil olunan Birinci Avropa Oyunları göstərdi ki, milli mətbuatımız, vətəndaş cəmiyyəti institutlarımız, bütövlükdə xalqımız ağı qaradan seçməyi yaxşı bacarır. Mətbuatımız Oyunlar müddətində bu idman bayramını yüksək səviyyədə işıqlandırmaqla bərabər, Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan bəzi xarici media orqanlarına və təşkilatlara sözün əsl mənasında dirəniş göstərdi, onlara layiqli cavab verdi. Bu, həm sosial mediada, həm də müxtəlif yazılar, təhlil materialları, araşdırmalar şəklində kütləvi informasiya vasitələrində açıq-aydın hiss olunurdu”. – deyə U. Rəhimoğlu bildirib.
“Möhtərəm cənab Prezident, rəhbəri olduğum Beynəlxalq Avrasiya Mətbuat Fondu iki böyük beynəlxalq qurumda - Beynəlxalq Mətbuat İnstitutunun idarə heyətində və Beynəlxalq Sülh Bürosunun Ali Şurasında təmsil olunur. Təşkilatımız BMT-nin İqtisadi-Sosial Şurasının əsas məşvərətçi statuslu üzvüdür. Təvazökarlıqdan uzaq olsa da, qeyd etmək istərdim ki, bizim kimi beynəlxalq statuslu bir media təşkilatının Azərbaycanda mövcud olması ölkəmizdə vətəndaş cəmiyyətinin yüksək səviyyədə inkişaf etməsinin bariz nümunəsidir və bununla bağlı ara-sıra səslənən əsassız iddialara layiqli cavab verir. Beynəlxalq təmsilçiliyimiz Azərbaycana qarşı qarayaxma kampaniyasına tutarlı cavab vermək, bəyanatlar yaymaq, dövlətimizin haqq səsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində bizə əlavə üstünlüklər verir və biz bundan layiqincə yararlanmağa çalışırıq. Qeyd etməliyəm ki, təmsil olunduğumuz beynəlxalq qurumlarda Azərbaycana qarşı formalaşdırılmış ikili münasibətlərin müsbət məcrada dəyişilməsinə müəyyən mənada nail olmuşuq. Bu da ölkəmizdə Sizin rəhbərliyinizlə aparılan inkişaf strategiyasının uğurlu icrası, media və bütövlükdə vətəndaş cəmiyyətinə diqqət və qayğınız, doğru informasiya mübadiləmiz sayəsində mümkün olmuşdur. Yeri gəlmişkən, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına əvəzolunmaz dəstəyiniz barədə bu ilin may ayında Əli Həsənovun iştirakı ilə keçirilən təşkilatımızın baş ofisinin açılışı mərasimində xarici ölkələrin Azərbaycandakı təmsilçiləri beynəlxalq təşkilatların nümayəndələrinə geniş məlumat verdi. Elə həmin tədbirdə Sizin adınıza təqdim etdiyimiz təşkilatımızın ali mükafatı da mərasim iştirakçıları tərəfindən çox yüksək səviyyədə qarşılandı”. – U. Rəhimoğlu deyib.
U. Rəhimoğlu bildirib ki, bu gün Azərbaycanın üzləşdiyi təhdidlər, ikili standartlar göz qabağındadır: “Belə bir tarixi dönəmdə düşünürəm ki, Azərbaycan mediasının, bütövlükdə vətəndaş cəmiyyətinin məsuliyyəti torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan əsgərinin məsuliyyətindən heç də az deyildir. Ona görə də hesab edirəm ki, ciddi beynəlxalq qurumlarda təmsil olunan vətəndaş cəmiyyəti təşkilatları və mediamızın ölkəmizin hüdudlarından kənarda fəaliyyətinin gücləndirilməsi məqsədilə əlavə imkanların yaradılması, dövlət orqanları ilə media və vətəndaş cəmiyyəti təşkilatları arasında sıx əməkdaşlığın qurulması zərurəti vardır. Sizi əmin edirəm ki, Azərbaycan haqqında doğru, dürüst informasiyanın geniş coğrafi məkanda yayılmasına bu, əlavə stimul yaradacaq. Sözsüz ki, Azərbaycan Mətbuat Şurasının medianın fəaliyyətini səmərəli şəkildə əlaqələndirməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun media qurumlarının inkişafına hərtərəfli yardımı nəticəsində bu istiqamətdə vəziyyəti nəzərəçarpacaq dərəcədə müsbət yöndə dəyişmişdir. Sevindirici haldır ki, son illər milli mətbuatımız ölkəmizdə gənc nəslə vətənpərvərlik hissinin aşılanması, dövlətçilik ənənələrimizin möhkəmləndirilməsi istiqamətində Sizin qarşıya qoyduğunuz vəzifələrin yerinə yetirilməsində böyük uğurlar əldə etmişdir”.
“Hörmətli cənab Prezident, Şərqdə ilk dəfə söz azadlığı, bəyan və təmin edilən Azərbaycan mətbuatının davamçılarını müqəddəs Ramazan bayramının da qeyd edildiyi bu günlərdə bir araya toplamaqla Siz medianın əhəmiyyətini, onun hüququ dövlət və vətəndaş cəmiyyəti quruculuğundakı vacib rolunu, dövlətimizin mətbuatımıza olan diqqət və dəstəyini bir daha göstərmiş oldunuz. Bu gün Sizin müəyyən etdiyiniz prioritetlər əsasında ölkəmizdə gerçəkləşdirilən tədbirlər, aparılan islahatlar, media və vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasət öz bəhrəsini verir. Özüm və həmkarlarım adından bir daha əmin etmək istərdim ki, Sizin rəhbərliyiniz altında əldə olunmuş uğurların qorunmasında, Azərbaycanın haqlı mövqeyinin müdafiəsində milli mətbuatımız, bütövlükdə Azərbaycanın vətəndaş cəmiyyəti hər zaman Sizinlə birgə olacaq, nailiyyətlərinizin keşiyində duracaqdır. Təşəkkür edirəm”, - deyərək U. Rəhimoğlu çıxışına yekun vurub.
Prezident İlham Əliyev: Sağ olun. Biz burada səslənən fikirləri ümumiləşdirib, qərar qəbul edəcəyik. Çox dəyərli fikirlər, təkliflər səslənib.
AzVision.az
Teqlər: