İrəvanın Qarabağ oyunu – Serj özünü İvanaşviliyə bənzədir

İrəvanın Qarabağ oyunu – Serj özünü İvanaşviliyə bənzədir
  09 Dekabr 2015    Oxunub:3769
Ermənistanda dekabrın 6-da keçirilən referendum ölkədə etirazlara səbəb olub. Ciddi seçki saxtakarlığı və qanun pozuntusu ilə müşahidə olunun referendum hazırki Ermənistan rəhbərliyinin dırnaqarası qələbəsi ilə yekunlaşdı.

Əvvəlcədən məlum olduğu kimi, yeni konstitusiya layihəsində prezidentin 7 il müddətinə parlament tərəfindən seçilməsi nəzərdə tutulub ki, bu da Serj Sarkisyanın hakimiyyətdə qalması üçün atılan addım idi. Ölkə müxalifətinin günlərlə etiraz aksiyaları keçirməsinə, seçkiləri boykot etməsinə baxmayaraq, Sarkisyan öz maraqlarına cavab verən konstitusiya layihəsini xalqa qəbul etdirə bildi.



Ermənistanda keçirilən referendumun nəticələrini AzVision.az şərh edən millət vəkili, siyasi analitik Sahib Alıyev hesab edir ki, referendum Ermənistan rəhbərliyinə və oradakı hərbi xuntaya lazım idi: “Çünki, bu yolla Serj Sarkisyan başda olmaqla hərbi xunta öz hakimiyyətlərini sürdürməyin yeni metodunu reallaşdırırlar. Bundan ən çox qazanan Serj Sarkisyandır. Onun rəhbərliyi Ermənistana nə qədər lazımdırsa, erməniləri nə qədər xoşbəxt edibsə, məhz bu referendum Ermənistana bu qədər lazımdır və erməniləri bu qədər xoşbəxt edəcək”.

Deputat qeyd edib ki, faktiki olaraq Ermənistanda yeni bir Gürcüstan modeli formalaşdırılır.

“Ola bilər ki, Serj Sarkisyan nə baş nazir, nə də parlamentin sədri olsun. Ancaq, Sarkisyan İvanaşvili rolunda çıxış edərək, öz oyuncaqları vasitəsi ilə dövləti idarə etməyə çalışacaq. Bunun bütün əlamətləri görünməkdədir”, - deyə deputat bildirib.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlun fikrincə, hazırki durumda Ermənistana referendum lazım deyildi:

“Bu konstitusiya islahatları Ermənistanın ümumi gücünü zəiflədir. Ermənistanın zəifləməsində kimlər maraqlıdırsa, bu konstitusiya islahatları onlara sərf edir. O cümlədən bu islahatlar Azərbaycanın da maraqlarına cavab verir. Konstitusiya islahatlarının maraqlı tərəfi Serj Sarkisyandır. O, özünü hakimiyyətdə saxlamaq istəyir. Eyni zamanda çalışır ki, bu addımı demokratik qaydaların pozuntusu kimi də görünməsin. Yəni, həm hakimiyyətdə qalmaq, həm də demokrat görünmək istəyir. Çünki, Serj Sarkisyan üçün demokratiyanın pul ifadəsi var. O, hər il “Ermənistan guya demokratikdir” adı ilə Avropa İttifaqından 60, ATƏT-dən isə 30 milyon avro pul alır. Ona görə də Sarkisyan Ermənistanı parlamentli respublika etdi. Bu isə keçmiş SSRİ-nin idarəçiliyinə bənzəyir”.

Ermənistanın yeni konstitusiya layihsəsi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə də əngəllər törədir.

Bu məsələ ilə bağlı ekspertlər nə düşünürlər?



Mübariz Əhmədoğlunun sözlərinə görə, Serj Sarkisyan konstitusiya islahatlarına getməklə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda məğlub olduğunu etiraf edir: “Konstitusiya islahatları ilə göstərdi ki, Ermənistan Dağlıq Qarabağa dair danışıqlarda məğlub olur. Bu islahatlara görə Dağlıq Qarabağa dair danışıqları kimin aparacağı bəlli deyil. Çünki, prezidentin səlahiyyətləri heçə bərabərdir. Baş naziri isə ildə iki-üç dəfə dəyişmək mümkündür. Mülki dövrdə Ermənistanda ali baş komandan olmamalıdır. Müharibə dövründə isə seçki ilə təyin olunmalıdır. Sabah Azərbaycan Ermənistana qarşı müharibəyə başlasa, parlamentdə ali baş komandanın kimin olması ilə bağlı mübahisələr başlayacaq”.

Sahib Alıyev isə bu məsələdə hesab edir ki, referendumun nəticələri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yaxşı təsir göstərməyəcək: “Əksinə, mənfi təsir göstərəcək. Çünki, yeni konstitusiyaya görə Ermənistanda elə bir səlahiyyətli adam yoxdur ki, o, Azərbaycan prezidenti ilə oturaraq münaqişəni həll etmək səlahiyyətində olsun. Əvvəllər konkret fikir bildirmək lazım gələndə ya qarın ağrısı, ya kiminsə rəhmətə getməsi bəhanəsi ilə Ermənistan rəhbərliyi danışıqlar masası ətrafından qaçırdı. Məlum olduğu kimi bu məsləhətləşəmələr xarici dövlətlərlə aparılırdı. İndi isə danışıqlarda iştirak edəcək adam Ermənistan dövləti adından konkret fikir bildirmək üçün parlamentin izni ilə bunu etməlidir. Təsəvvür edin, danışıqlar prosesi zamanı hər hansı bir məsələ ortaya çıxır. O zaman Ermənistan tərəfinin təmsilçisi bildirir ki, bu məsələ haqqında parlament icazə verməsə, onun fikir bildirmək səlahiyyəti yoxdur. Bunu necə başa düşək? Belə danışıqlar prosesi olar? Ümumiyyətlə belə bir adamla Azərbaycan dövlətinin başçısı danışıqlar aparmalıdırmı? Yəni, belə çətinliklər meydana çıxacaq”.

Məlum olduğu kimi Ermənistanda keçirilən konstitusiya islahatlarının ardından müxalifət etiraz aksiyalarına başlayıb.

Müxalifət nəyəsə nail ola biləcəkmi?



Deputat Sahib Alıyev müxalifətin etirazlarının nəticəsiz olacağını deyib. Millət vəkili bildirib ki, nə Qərb, nə də Rusiya Ermənistanda hakimiyyətin dəyişməsinə maraqlı deyil:

“Referendumun keçirilməsinə Qərbdəki bəlli çevrələrin yanaşması da göstərir ki, müxalifətin aksiyaları istənilən nəticəni verməyəcək. Müstəqil araşdırmalara görə, Ermənistanda 2 milyon adam yoxdur. Amma 2.5 milyondan artıq seçicinin olduğu göstərilir. Bu necə ola bilər? Ola bilər ki, o sayda seçmək hüququ olan insan olsun. Amma, onlar faktiki Ermənistanda deyillər. Seçki hüququ olanların 1 milyona yaxını Rusiyada, bir hissəsi Türkiyə və digər ölkələrdədir. Onların 1 faizi seçkiyə getməyib. Qərbdəkilərə də bu bəllidir. O zaman niyə proseslərə loyal yanaşırlar? Ona görə loyal yanaşırlar ki, parlamentli respublika şəraitində Ermənistandakı proseslərə daha çox təsir edə biləcəklər. Bir var Moskvadan asılı olan prezident, bir də var parlament. Parlamentin tərkibində isə müxtəlif maraqlara xidmət edən qüvvələr ola bilər. Bundan öncəki parlament seçkisi Ermənistanda siyasi yox, geosiyasi proses idi. Həmin seçkidə Qərbdəki müəyyən çevrələrin maraqları da nəzərə alınmışdı. Hazırkı parlament qətiyyən Ermənistan seçicisinin iradəsi ilə yox, beynəlxalq qüvvələrə oynayaraq formalaşdırılıb. Qərbdəki bəlli çevrələr məhz bunu nəzərə alırlar ki, hazırkı şəraitdə Ermənistandakı prosesləri nəzarətdə saxlaya bilərlər.

Referendum məsələsi ortaya çıxan kimi var dövlət, ermənilər üzərində təsir baxımından Serj Sarkisyandan geri qalmayan Rusiyada yaşayan iki erməni Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyan və “Taşir” şirkətləri qrupunun prezidenti Samvel Karapetyan Ermənistandakı siyasi proseslərə qatılacaqlarını bildirdilər. Bu, təbii ki, Moskvanın razılığı ilə baş tutub. Moskva gələcəkdə Qərbin planlarının reallaşdırılmaması üçün öz təsiri altında olan iki ermənini siyasi proseslərə qoşmaq istəyirdi. Ermənistanda Qərb meyilli anti-Rusiya mövqeyində dayanan media var. Amma, dərindən izləniləndə görünür ki, həmin media əslində Ermənistan hakimiyyəti ilə əlbir işləyir. Rəsmi İrəvan Moskvaya hansısa bir iradəsini yeritmək lazım gələndə, bu medianın gücündən faydalanmağa çalışır. Ermənistan parlamentindəki Qərb meyilli qüvvələr üzərində də Ermənistan hakimiyyətinin 90 fazi nəzarəti var. Yəni, reallıq belədir. Ona görə müxalifətin aksiyaları heç bir nəticə verməyəcək. Çünki, ortada olan müxalifət Qərbə bağlıdır. Qərbin isə proseslərə yanaşması göz qabağındadır”.



Politoloq Mübariz Əhmədoğlu isə hesab edir ki, müxalifətin proseslərə təsir etmək gücü yoxdur: “Ermənistanda müxalifət ancaq kənar təsirlərlə güclü olur. İndi ABŞ-ın başı müxtəlif problemlərə qarışıb, Rusiya isə meydan aktivliyindən qorxur. Ona görə də müxalifətin mitinq aktivliyi heç bir nəticə verməyəcək. Eyni zamanda müxalifət arasında birlik yoxdur. Əhali müxalifətin arxasınca getmir. Eyni zamanda müxalifətin də əhalini öz ətrafına toplamağa həm maddi, həm də siyasi resursu yoxdur”.

Elvin Abdulqədirov


Teqlər:





Xəbər lenti