`Rüstəm İbrahimbəyov indidən hörmətsizliyi ilə üzə çıxır`

`Rüstəm İbrahimbəyov indidən hörmətsizliyi ilə üzə çıxır`
  05 İyul 2013    Oxunub:1467
Aydın Mirzəzadə: “Azərbaycanda ikili vətəndaşlıq anlayışı yoxdur”
“Bu faktın özü göstərir ki, Rüstəm İbrahimbəyov indiyə qədər Azərbaycan Konstitusiyasını və “Vətəndaşlıq haqqında” qanunu pozub. Azərbaycanda ikili vətəndaşlıq anlayışı yoxdur”.

Bu sözləri AzVision.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə Milli Şuranın seçkilərdə vahid namizədi Rüstəm İbrahimbəyovun Rusiya vətəndşalığından imtina etməsi barədə danışarkən deyib.
O vurğulayıb ki, digər ölkələrin vətəndaşlığını qəbul edən şəxs avtomatik surətdə Azərbaycan vətəndaşlığından imtina etməlidir: “O, bunu etməyərək qanunu pozur. İkincisi isə əgər o Rusiya vətəndaşı idi isə şübhəsiz ki, Rusiya qarşısında vətəndaş kimi öhdəliklərini yerinə yetirirdi, vergi ödəyirdi, seçkilərdə iştirak edirdi və s.
Azərbaycan Konstitusiyasına görə digər ölkə qarısında öhdəlikləri olan şəxs seçkilərdə namizəd ola bilməz.

Üçüncüsü, Rüstəm İbrahimbəyov müstəqillik illərində Azərbaycanda çox nadir hallarda görünüb. Bu baxımdan onun Azərbaycan vətəndaşı kimi seçkilərdə iştirakı, vergi ödəməsi, həmçinin Azərbaycan dövlət quruculuğuna töhvəsinin özü çox böyük sual doğurur”.

Millət vəkili hesab edir ki, bu hal Rüstəm İbrahimbəyovun Kontitustiya və qanunlara, vətəndaş kimi öhdəliklərə hörmətsizliyidir: “Radikal müxalifətin vahid namizədi kimi ortaya çıxan Rüstəm İbrahimbəyov indidən Kontitustiya və qanunlara, vətəndaş kimi öhdəliklərə hörmətsizliyi üzə çıxır. Gələcəkdə onun başqa sahələrdə vətəndaşa kimi məsuliyyətinə soyuq yanaşması haqqında məlumatlar eşidəcəyik”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da vurğulayıb ki, ikili vətəndaşlığı olan şəxs seçkilərdə namizəd ola biıməz: “Prezident seçkiləri haqqında” qanuna əsasən ikili vətəndaşlığı olan, başqa ölkələr qarşısında öhdəliyi olan şəxs Azərbaycanda prezident seçkisində iştirak edə bilməz. Əgər doğurdan da onun Rusiya vətəndaşlığı varsa, o, gərək bundan imtina edərdi. İmtina da edib. Amma bunu dəqiq bilmirəm ki, qanunda Azərbaycan ərazisində 10 il yaşamaqla bağlı problem çıxacaq, yoxsa yox. Çünki Seçki Məcələsində belə bir maddə var ki, Azərbaycanda ardıcıl on il yaşamalıdır. Rüstəm İbrahimbəyov gəncliyində Azərbaycanda yaşayıb, yəqin ki, bu məsələ problem olmaz”.
S.Cəlaloğlu deyib ki, Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürənlər Seçki Məcəlləsinin tələblərini nəzərə almalı idilər:

“Hər halda onun namizədliyini verən adamlar gərək Seçki Məcəlləsinə uyğun şərtləri ödəyib-ödəməməsini əvvəlcədən düşünməli idilər. Mənə elə gəlir ki, Rüstəm İbrahimbəyovun vətəndaşlıqdan imtina etməsi Seçki Məcəlləsinə uyğun atılan addımdır”.

Qeyd edək ki, Rüstəm İbrahimbəyov dünən Rusiya vətəndaşlığından rəsmi şəkildə imtina etdiyini təsdiqləyib. O, virtualaz.org saytına açıqlamasında bu qərarının motivləri barədə danışıb: “Mən həmişə Azərbaycan vətəndaşı olmuşam. Ölkədən heç vaxt çıxıb getməmişəm. Mənim Azərbaycanda teatrım olub. Bir sözlə, mən öz yaradıcılıq işlərimi həmişə Azərbaycanda davam etdirmişəm”.


Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti