İlham Əliyev: “Azərbaycan standartları bir çox ölkələrə nümunə olmalıdır”

İlham Əliyev: “Azərbaycan standartları bir çox ölkələrə nümunə olmalıdır”
  06 İyul 2013    Oxunub:1857
Son 10 il ərzində Azərbaycanda 500-dən çox tibb mərkəzi tikilib və demək olar ki, bütün bölgələrdə keyfiyyətli tibbi xidmət almaq üçün indi imkan var. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Tovuzda Hemodializ Mərkəzinin açılışında deyib. Dövlət başçısı bəyan edib ki, “insan amili bizim siyasətimizin prioritetidir”.

“Avadanlıq ən müasir standartlara cavab verir, memarlıq baxımından bütün xəstəxanalar çox gözəldir, çox genişdir, rahatdır və demək olar ki, indi elə bölgə yoxdur ki, orada müasir tibb ocağı olmasın. Məhz qarşıya belə məqsəd qoyulub ki, hər bir yaşayış məntəqəsində, böyük şəhərlərdə, rayon mərkəzlərində keyfiyyətli tibbi xidmət olmalıdır”,- deyə o, vurğulayıb.

Dövlət başçısı deyib ki, son illər bütövlükdə səhiyyə sahəsində nəticələr yaxşıdır: “Bunu həm biz deyirik, həm də beynəlxalq qurumlar və onların arasında dünya miqyasında bu məsələlərlə məşğul olan Dünya Səhiyyə Təşkilatı bunu qeyd edir. Keçən il Bakıda keçirilmiş Avropa Konfransında qeyd olundu ki, Azərbaycanda səhiyyə sahəsində böyük irəliləyiş əldə edilmişdir. Bunu statistik göstəricilər də təsdiqləyir”.

Prezidentin sözlərinə əsasən, səhiyyə sisteminin səmərəliliyini göstərən bir neçə meyar var. “Onların arasında insanların ömrünün uzunluğu, - Azərbaycanda bu istiqamətdə irəliləyiş vardır, - artır, uşaq ölümü isə azalır. Uşaq ölümü bizdə bütün dövrlərdə böyük problem idi. Bu gün də o problem hələ ki, lazımi səviyyədə həll olunmur. Hələ ki, biz inkişaf etmiş ölkələrdən bir az geridəyik”.

İlham Əliyev vurğulayıb ki, belə mərkəzlərin yaradılması və digər tədbirlərin görülməsi nəticəsində biz bu sahədə də dünyanın aparıcı ölkələrinin səviyyəsinə qalxmalıyıq və digər göstəricilər deməyə əsas verir ki, səhiyyə sisteminin təkmilləşməsində yaxşı nəticələr var: “Amma hələ ki, bu sahə bizi tam qane edə bilməz. Əlbəttə ki, biz çalışırıq müasir mərkəzlər tikilsin, avadanlıq alınır, böyük vəsait xərclənir. Ancaq bəzi hallarda xidmətlərin keyfiyyəti bizi qane etmir və bu məsələlər üzərində daha da çox işləməliyik”.

Dövlət başçısı qeyd edib ki, bu ilin sonunda regionların sosial-iqtisadi inkişafı üzrə ikinci Dövlət Proqramı başa çatır və proqramda nəzərdə tutulmuş bütün məsələlər artıqlaması ilə öz həllini tapır: “Gələcək planlarımızla bağlı da bizim kifayət qədər dəqiq fikirlərimiz vardır. Gələcək illərdə Azərbaycan əlbəttə ki, bundan da sürətlə inkişaf etməlidir və edəcək. Bütün infrastruktur layihələri yaxın gələcəkdə başa çatmalıdır. Bizim bütün siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun sağlamlığı, təhlükəsizliyi, rifahı və rahatlığı dayanır. Azərbaycan vətəndaşı yaşadığı bölgədən asılı olmayaraq ən gözəl xidmətə malik olmalıdır. Ona görə bizdə tikilən məktəblər elə bil ki, saraydır. Bizdə tikilən xəstəxanalar da, həmçinin çəkilən yollar, digər obyektlər də yüksək səviyyədədir”.

Prezident xatırladıb ki, son bir neçə il ərzində daha çox Azərbaycan standartları haqqında danışır: “Əgər biz dünyada gedən proseslərə siyasi, iqtisadi hadisələrə nəzər salsaq, görərik ki, doğrudan da Azərbaycan standartları bu gün bir çox ölkələr üçün nümunə olmalıdır. Bizdə olan sabitlik, inkişaf, hətta böhranlı illərdə yaşanan tərəqqi deyə bilərəm ki, heç bir yerdə yoxdur. Azərbaycanda mövcud olan sabitlik, ictimai asayiş - bütün bunlar reallıqlardır. Biz Azərbaycan vətəndaşları bu reallıqlara öyrəşmişik. Ancaq heç də hər yerdə belə deyildir. İndi biz televizordan, başqa informasiya mənbələrindən görürük ki, nə qədər böyük problemlər yaşanır dünyanın istənilən yerində. Bütün qitələrdə çox ağır hadisələr baş verir. Azərbaycan elə bil ki, bir inkişaf, sabitlik, həmrəylik adasıdır. Bunun əsas səbəbi ondan ibarətdir ki, Azərbaycanda aparılan işlər xalq tərəfindən nəinki dəstəklənir, eyni zamanda, xalq bilavasitə bu işlərin iştirakçısıdır”.

Dövlət başçısı vurğulayıb ki, görülən bütün işlər bir məqsədi güdür ki, Azərbaycanın maraqları müdafiə olunsun, qorunsun, daha da yaxşı şərait yaradılsın, maddi rifah artsın, ölkəmiz dövlət müstəqilliyini qorusun, möhkəmləndirsin və bölgədəki mövqelərini daha da gücləndirsin: “Hesab edirəm ki, son illər ərzində biz böyük dərəcədə bu hədəflərə çata bilmişik. Bu hədəflər hələ 2003-cü ildə qarşıya qoyulmuşdur. Son 10 il ərzindəki işlər hesab edirəm ki, təqdirə layiqdir. Ancaq bunu əlbəttə ki, siz qiymətləndirməlisiniz. Mən sadəcə olaraq çalışıram və çalışacağam ki, sizə - yəni Azərbaycan vətəndaşlarına xidmət edim. Görəndə ki, hansısa gözəl bir nəticə əldə olunur, əlbəttə, mən də sizin qədər buna sevinirəm”.


Teqlər:





Xəbər lenti