Mehriban Əliyeva Kannda çıxışları izləyib - FOTOLAR

Mehriban Əliyeva Kannda çıxışları izləyib - FOTOLAR
  08 İyul 2013    Oxunub:1621
Fransanın Kann şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə davam edən Azərbaycan mədəniyyət günləri iyulun 7-də 1945-ci ildə istehsal olunan "Arşın mal alan" filminin nümayişi ilə başlayıb.

AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ekranlaşdırılan və Azərbaycan kino tarixinin qızıl fondunu təşkil edən bu film ilk növbədə XX əsrin əvvəlindəki Bakının koloritini tamaşaçıya dolğun şəkildə çatdırmaq baxımından nadir sənət nümunəsi hesab olunur.

Digər tərəfdən ölkəmizdə kino sənayesinin tərəqqisinə mühüm tövhə verən bu filmin şöhrəti hələ də yaşayır, xalqımız hər nümayişində "Arşın mal alan"ı sevə-sevə izləyir. Artıq 70 ilə yaxındır ki, ekranlardan düşməyən "Arşın mal alan" çəkildiyi vaxtdan nəinki Azərbaycan, həm də sovet kinosuna dünya şöhrəti gətirib.

Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji sorğular nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir göstərmiş və uzun illər ekranda nümayiş olunan xarici ölkə filmlərinin arasından "100 sevimli film" seçilmişdir. Bu sorğuda "Arşın mal alan" kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə "Qızıl siyahı"ya daxil edilib.

Bunu şərtləndirən amillər də mühüm tərəfləri ilə diqqəti cəlb edir. Çünki təkcə 1945-ci ildə bu filmə 16 milyondan çox insan tamaşa etmişdir.
Film indiyə qədər 136 ölkədə nümayiş etdirilmiş və 86 dilə tərcümə olunmuşdur. Budəfəki nümayişin ən böyük özəlliyi də Kann tamaşaçılarına filmin fransız dilində alt yazısı ilə çatdırılması idi.

Sonra Kanın məşhur La Kruazet bulvarında "Natiq" ritm qrupunun və Azərbaycan Dövlət rəqs ansamblının konserti olub.

Konserti Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri də izləyiblər.

Qalereya




Teqlər:  





Xəbər lenti