`Günəşli` ilin sonuna kimi istifadəyə veriləcək

`Günəşli` ilin sonuna kimi istifadəyə veriləcək
  25 Fevral 2016    Oxunub:2471
“Azneft” İstehsalat Birliyində 2015-ci ilin texniki-iqtisadi göstəricilərinə dair hesabat müşavirəsi keçirilib.
SOCAR-dan AzVision.az-a verilən məlumata görə, əvvəlcə, dekabrın 4-də təbii fəlakət zamanı “Günəşli” yatağındakı 10 saylı və “Neft Daşları”ndakı 501 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində həlak olmuş və itkin düşmüş neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Birliyin baş direktoru Daşqın İskəndərov 2015-ci ili uğurlu hesab etsə də, dünya iqtisadiyyatındakı böhranın, neft qiymətlərinin kəskin düşməsinin bütünlüklə SOCAR-ın fəaliyyətinə təsirlərindən danışıb. O, hazırkı vəziyyət nəzərə alınmaqla ölkə iqtisadiyyatına maksimum töhfə verilməli olduğunu diqqətə çatdırıb.

Baş direktorun birinci müavini, baş mühəndis Balamirzə Ağarəhimov 2015-ci ilin neft-qaz hasilatı sahəsində görülmüş işlərdən danışıb, qarşıya qoyulmuş tapşırıqların icrası barədə geniş məlumat verib, hasilatın stabilləşdirilməsi istiqamətində görülən tədbirlərdən, tətbiq edilən yeni texnologiyalardan söz açıb.

“Azneft” İstehsalat Birliyinin ötən il üzrə iqtisadi göstəriciləri müzakirə olunub, 2016-cı ildə qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Yekun nitqi söyləyən D. İskəndərov 2016-cı ilin neft sənayesi üçün vacib bir il olacağını söyləyib, hasilat səviyyəsinin yüksəldilməsi istiqamətində səylərin daha da artırılmasının, yüksək peşəkarlığa malik kadrların irəli çəkilməsinin vacibliyini qeyd edib. O, 2016-cı il üçün vacib məsələlərdən biri kimi yarımçıq qalmış tikililərin başa çatdırılması, qəza baş vermiş “Günəşli” yatağındakı 10-cu özülün bərpası barədə tapşırıqlarını verib. Vurğulanıb ki, cari ilin sonuna kimi 10 saylı özüldəki quyuların təmir olunaraq istismara verilməsi nəzərdə tutulub. İstehsalatda bədbəxt hadisələrin, qəzaların baş verməməsi üçün mütəmadi yoxlamaların keçiriləcəyi qeyd edilib, yeni özüllərin, meydançaların tikintisinin nəzərdə tutulduğu bildirilib.


Teqlər:  





Xəbər lenti