Azərbaycanda müasir aqropark yaradılacaq

Azərbaycanda müasir aqropark yaradılacaq
  02 Mart 2016    Oxunub:7697
AMEA Rəyasət Heyətinin növbəti iclasında yeni iqtisadi şəraitdə ərzaq təhlükəsizliyi problemi müzakirə olunub.
AzVision.az xəbər verir ki, tədbirdə aparılan müzakirələrdə respublikanın regionlarında fəaliyyət göstərən alim və mütəxəssislərin də yaxından iştirakı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncağında aqrar sahənin elmi təminatının yüksəldilməsinə dair çağırışlarına cəlb edilməsi üçün AMEA-nın regional bölmələri, ayrı-ayrı universitet və institutlar arasında telekonfrans təşkil edilib.

Tədbirdə Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov "Yeni iqtisadi şəraitdə ərzaq təhlükəsizliyi problemi və onun həllində elmin rolu" mövzusunda məruzə ilə çıxış edərək respublikada kənd təsərrüfatının mövcud vəziyyəti, problemlər və onların həlli yollarını diqqətə çatdırıb.

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi elmi əsaslı torpaq islahatlarının respublikada aqrar sahənin inkişafında mühüm rol oynadığını deyən Zeynal Əkpərov ölkə Prezidenti İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini, ərzaq təhlükəsizliyinə tam nail olun­masını mühüm hədəflərdən biri kimi müəyyənləşdirdiyini söylədi. AMEA-nın müxbir üzvü qeyd etdi ki, 2004-cü illə müqayisədə ötən il kənd təsərrüfatı məhsullarının istehsalı 48,8 faiz artıb, bu da qeyri-neft sektorunun inkişafına dəyərli töhfə hesab edilməlidir.

İnstitut direktoru Azərbaycanda qeyri-neft sektorunda aqrar sahənin çəkisinin böyük olduğunu vurğulayıb: Qeyri-neft sektoru üzrə idxal-ixracın mövcud vəziyyəti onu göstərir ki, aqrar sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar var. Kənd təsərrüfatında istehsalın artım dinamikası əsasən aqrar sahənin elmi təminatının dünya standartları səviyyəsinə çatdırılmasından, cəlb olunmuş investisiyalardan, müasir texnologiyaların tətbiqindən daha çox asılıdır.”

Azərbaycanın aztorpaqlı ölkə olduğunu deyən alim Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarlarının istismara verilməsi ilə dövriyyəyə yeni torpaq sahələrinin daxil olmasının ölkə üçün böyük əhəmiyyət daşıdığını bildirib. O, bütün respublika üzrə torpaq resurslarının, o cümlədən eroziya və şorlaşmaya məruz qalan, əkin dövriyyəsinə yeni daxil olan torpaqların müasir texnologiyaların tətbiqi ilə hərtərəfli qiymətləndirilməsinin, əkinə potensial yararlı yeni torpaq sahələrinin müəyyənləşdirərək, dəqiq xəritələrinin hazırlanmasının da vacibliyini vurğulayıb.

Məruzəçi respublikada üzvi qalıqların və məişət tullantılarının milyon tonlarla ölçüldüyünü qeyd edərək, Torpaqşünaslıq və Aqrokimya İnstitutu tərəfindən qabaqcıl texnologiyalar vasitəsilə tullantılardan kompleks üzvi və üzvi-mineral gübrələrin hazırlandığını və bu istiqamətdə tədqiqatların davam etdirildiyini diqqətə çatdırıb. O, yeni yaradılmış gübrələrin geniş sənaye istehsalının təşkili üzrə fəaliyyətləri gücləndirməklə bağlı müvafiq orqanlar qarşısında məsələ qaldırılmasını təklif edib.

Seleksiya işlərində ölkənin milli genefondunun tam öyrənilmiş materiallarından istifadə olunduğunu deyən məruzəçi bildirib ki, Milli Genbankda toplanmış genetik fondun etibarlı mühafizəsi təşkil edilir, nümunələr ən müasir metodlarla dəqiq öyrənilir. Alim tədqiqatlarda gen mühəndisliyi, İKT, kibernetika elmlərinin, aqrobiotexnoloji üsulların tətbiqinin də dövrün tələbi olduğunu vurğulayıb. Qeyd edib ki, bu sahədə beynəlxalq təcrübələr nəzərə alınmaqla müəyyən işlər görülüb, regionda ilk “Genomika” laboratoriyası yaradılıb və kadr hazırlığı gücləndirilib. O, yeni nəsil sekvenserlərindən istifadə etməklə bütöv genomun oxunmasına, müxtəlif ekoloji və stres amillərə davamlı genlərin axtarışına başlanıldığını diqqətə çatdırıb.

Seleksiya və toxumçuluq sahəsində mövcud problemlərə toxunan Zeynal Əkpərov onların aradan qaldırılması üçün təkliflər səsləndirib: "Seleksiyanın dövlətin mənafeyinə və bazarın tələbatına uyğun yeni strategiyası, prioritet bitkilərin seleksiyası üzrə məqsədli dövlət proqramları hazırlanaraq həyata keçirilməlidir. Qeyd edilən strategiya və proqramlar əsasında prioritet ərzaq bitkilərinin yüksəkməhsuldar, davamlı, rəqabətqabiliyyətli sort, forma və hibridlərinin yaradılması üçün biotexnoloji metodların, molekulyar, marker əsaslı və genom səviyyəsində seleksiya metodlarının tətbiqi vacibdir. Yüksək məhsuldar sortların seçilməsinə imkan yaratmaq üçün dövlət sort sınağı sistemi təkmilləşdirilməli, bütün torpaq-iqlim şəraitlərini əhatə etməlidir. Keyfiyyətli məhsul alınmasının əsas şərtlərindən biri də toxumçuluq işinin elmi əsasda düzgün qurulmasıdır".

Zeynal Əkpərov yaradılmış sort və hibridlərdən bol və yüksək keyfiyyətli məhsul almaq üçün mütərəqqi becərilmə texnologiyaları və suvarma sistemlərinin öyrənilməsinin, yerli şəraitə adaptasiyasının və geniş tətbiqinin də vacibliyini bildirib.

Prezident İlham Əliyevin çıxışlarında iri fermer təsərrüfatlarının uğurlarını fundamental və tətbiqi elmlərin iştirakı ilə əlaqələndirdiyini bildirən alim iri təsərrüfatlarda müasir becərmə texnologiyaları və suvarma sistemlərinin tətbiqi imkanlarının böyük olduğunu söyləyib.

Məruzədə qeyd olunub ki, AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksi tərəfindən respublikanın müxtəlif regionlarında nümunəvi təsərrüfat istehsalat layihələri həyata keçirilir. Bu təsərrüfatın bazasında aqrobiznes sektorunun bütün sahələrini əhatə edəcək müasir Aqroparkın yaradılması nəzərdə tutulur.

İnstitut direktoru kənd təsərrüfatının inkişafı üçün müasir informasiya texnologiyalarından istifadə etməklə sahənin tam elektronlaşdırılmasının dövrün tələbi olduğuna, bu məqsədlə yaradılan Torpaqların Elektron Kadastr Uçotu Sisteminin, Milli Məkan Məlumatları İnfrastrukturunun vacibliyinə diqqət çəkib. O, qeyd edib ki, torpaq, su, bitki və s. haqqında biliklərin, təhlillərin, kartoqramların, kadastr və müasir texnologiyalar haqqında kompleks məlumatların toplandığı interaktiv rəqəmsal ekspert sistemləri yaradılmalıdır.

Zeynal Əkpərov aqrar elm sahəsində ciddi irəliləyişlərə nail olmaq üçün elmi tədqiqat müəssisələrinin yenidən qurulmasının, planlı modernləşdirmənin həyata keçirilməsinin, molekulyar-genetik tədqiqatların aparılması üçün potensialın yaradılmasının vacibliyi vurğulayıb. Qeyd edib ki, birbaşa istehsalata xərclənən vəsaitin əhəmiyyətli bir hissəsi texnologiyaların mənimsənilməsinə və kadr hazırlığına yönəldilməlidir. Dünyada ərzaq təhlükəsizliyinə sanballı töhfələr verən biotexnologiya, qida mühəndisliyi və İKT-nin tədrisinə lazımi diqqət yetirilməlidir. Alim bildirib ki, kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılmasında ən mühüm amil kimi elm-tədris-təcrübə sisteminin yaradılması ən vacib məqsədlərdən olmalıdır.

Məruzə sual-cavab və müzakirələrdən sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib. Yeni çevik iqtisadi modelə keçməklə əlaqədar Prezident yanında tanınmış alimlərin iştirakı ilə Elmi Məsləhət Şurasının, aqrobiznes sektorunun bütün sahələrin əhatə edəcək müasir Aqroparkın yaradılması ilə bağlı müvafiq orqanlar qarşısında məsələ qaldırılması qərara alınıb. Həmçinin AMEA-nın institutları tərəfindən yaradılmış üzvi və üzvi mineral gübrələrin geniş sənaye istehsalının təşkili, aqrar sahənin kadr potensialının gücləndirilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilərək AMEA-nın magistr və doktorant hazırlığında tətbiqi, ölkənin ali təhsil müəssisələrinin müvafiq fakültələri ilə əlaqələrin genişləndirilməsi məqsədəuyğun hesab edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti