Avropa Azərbaycanın layihəsini təsdiqlədi

Avropa Azərbaycanın layihəsini təsdiqlədi
  03 Mart 2016    Oxunub:2325
Avropa Komissiyası Yunanıstan hökuməti ilə “Trans-Adriatik” (TAP) boru kəməri konsorsiumu arasında Avropa bazarlarına yeni boru kəmərinin daxil olmasını nəzərdə tutan sazişi təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə məlumat TAP-ın rəsmi saytında yer alıb. Məlumatda bildirilir ki, Avropa Komissiyası həmin sazişi Avropa İttifaqının daxili bazar qaydalarına uyğun hesab edib və TAP layihəsi bu qaydalar üzrə icra olunur.

Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviç bildirib bu qərar TAP layihəsinin icrası istiqamətində mühüm addımdır: `TAP Yunanıstan hökuməti ilə tikinti və layihənin həyata keçirilməsi üzrə əməkdaşlığını davam etdirir`.

Bildirilib ki, tikintini özəl investorlar maliyyələşdirəcək və sazişdə nəzərdə tutulan xüsusi vergi rejimi Aİ qaz bazarında rəqabətə neqativ təsir göstərməyəcək, yeni qaz nəqli marşrutunun ortaya çıxması isə rəqabəti artıracaq.

Qeyd edək ki, uzunluğu təxminən 878 kilometr olan TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz).

İlkin Nəcəfzadə




Teqlər:





Xəbər lenti