Erməni baş nazir Sarkisyan rejimini parçalayır - (VİDEOXƏBƏR)
AzVision.az Ermənistanın “Jamanak” qəzetinə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Karen Karapetyanla hökumət aparatının rəhbəri David Harutunyan arasında qarşıdurma yaşanır.
“Ermənistanın baş naziri Karen Karapetyan hökumətin dünənki iclasında çox əsəbiləşib. İclas təxminən 20 dəqiqə davam edib. Buna səbəb hökumət aparatının rəhbəri David Harutunyanla baş nazir arasında mövcud olan münasibətlərin kəskin pisləşməsidir. Harutunyan bır sıra rəsmi şəxslərlə görüş zamanı bunu etiraf edərək baş nazirdən şikayət edib. O, Karen Karapetyanın təzyiqlərinə tab gətirmədiyini bildirib”.
Qeyd edək ki, “Aykakan Jamanak” qəzeti də iki rəhbər şəxsin münasibətlərinin kəskinləşməsi haqda məlumat yayıb. Bildirilib ki, Ermənistanın baş naziri Karen Karapetyan David Harutunyanı işdən çıxarmaq istəyir.
Məqalədə qeyd olunub ki, hökumət aparatının rəhbəri ötən ilin sonunda baş nazirin iştirakı ilə keçirilən iclasda iştirak etməyib. Bu il məcbur olaraq iclasda iştirak etməli olub.
Xatırladaq ki, Ermənistanın yeni baş naziri Karen Karapetyan vəzifəsinin icrasına başladığı zaman bir çox köhnə kadrları vəzifədən uzaqlaşdıra bilsə də, vitse-baş nazir, beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri Vaçe Qabrielyanı və hökumətin aparat rəhbəri David Harutyunyana toxuna bilməyib.
Digər bir məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan Karen Karapetyanı baş nazir təyin etməklə böyük səhvə yol verdiyini etiraf edib. İddia edilir ki, Karapetyan Sarkisyan rejimini parçalamaqla məşğuldur.
İlkin Nəcəfzadə
AzVision.az