Ötən ilin korrupsiya hesabatı açıqlandı - (VİDEOXƏBƏR)

Ötən ilin korrupsiya hesabatı açıqlandı - (VİDEOXƏBƏR)
  16 Yanvar 2017    Oxunub:6004
Yanvarın 16-da Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2016-cı il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

AzVision.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş və ali dövlətçilik dəyərlərinə əsaslanan uğurlu daxili və xarici siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksələn xətlə davam etdirilməsi nəticəsində ötən illərdə olduğu kimi 2016-cı il ərzində də ölkə həyatının bütün sahələrində davamlı inkişafa təkan verdiyini vurğulayıb. Dövlət başçısının təşəbbüsü ilə yeni iqtisadi şəraitdə milli iqtisadiyyatın liberallaşdırılması və rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, şəffaflığın və azad rəqabətin təmin olunması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi, daha çevik və keyfiyyətli idarəetmənin təmin edilməsi məqsədilə ardıcıl hüquqi və institusional islahatlar hesabat dövründə də uğurla davam etdirilib.



Bildirilib ki, korrupsiyaya qarşı mübarizəni fəaliyyətinin prioritet istiqaməti elan etmiş prokurorluq orqanları, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi hesabat dövründə ölkədə həyata keçirilən siyasi, iqtisadi və institusional islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi istiqamətində fəaliyyətini eyni intemsivliklə davam etdirilib. 2016-cı il ərzində Baş İdarə tərəfindən vətəndaşların 9360 müraciətinə baxılmış, həmçinin 251 cinayət xarakterli material araşdırılıb. Araşdırılmış materialların 159-u (63,3%) üzrə cinayət işləri başlanıb, digər müraciətlər üzrə isə müvafiq prokuror təsir aktları tətbiq edilməklə inzibati və intizam tədbirləri görülüb. Hesabat dövründə Baş İdarənin “161 - Qaynar xətt” əlaqə mərkəzinə 5492 müraciət daxil olub, həmin müraciətlərin 23-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, həmçinin əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulub hüquqları bərpa edilib və aşkar edilən qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədi ilə aidiyyəti təşkilatlara təqdimatlar göndərilib. Qeyd edilib ki, 2015-ci illə müqayisədə daxil olmuş müraciətlərin sayında 1700 vahiddən çox azalmanın müşahidə olunması “Asan Xidmət” mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi ilə bilavasitə bağlı olub.



2016-cı il ərzində keçirilmiş 6 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 6 şəxs cinayət başında yaxalanıb, habelə Baş İdarənin əməliyyat qurumları tərəfindən aparılan araşdırmalar üzrə fakta görə 32 cinayət işi başlanıb. Baş İdarənin əməliyyat qurumları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 24 şəxs tutulub. Hesabat dövründə Baş İdarə tərəfindən 480 cinayət işinin ibtidai istintaqı aparılıb. Onlardan dövlət və özəl sektorda çalışan 313 vəzifəli şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyati məhkəmələrə göndərilib. Hazırda Baş İdarənin İstintaq idarəsinin icraatında 116 cinayət işi üzrə istintaq davam etdirilir. Həmin cinayət işlərindən 110 şəxs barəsində 62 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, 61 şəxs barəsində 56 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dələduzluq, 34 şəxs barəsində 24 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və aşma, 52 şəxs barəsində 10 iş rüşvət alma, 17 şəxs barəsində 14 iş rüşvət vermə, 3 şəxs barəsində 3 iş vəzifə saxtakarlığı, 1 şəxs barəsində 1 iş səhlənkarlıq, 35 şəxs barəsində 31 iş isə digər faktlarla bağlı olub.

Məhkəmələrə göndərilən cinayət işləri üzrə vurulan 202 milyon 629 manat məbləğində ziyanın 33 milyon 249 manat və ya 16,6 %-nin ödənilməsi təmin edilib, qalan ziyanın ödənilməsi məqsədilə 78 milyon 283 manat məbləğində əmlak üzərinə həbs qoyulub. Hesabat dövründə Baş İdarədə 2241 vətəndaş qəbul edilib. 2016-cı il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə müvafiq qurumlara 88 təqdimat verilib, habelə digər prokuror təsir aktlarından istifadə edilməklə 12 inzibati icraat açılıb, 11 şəxsə qanun pozuntularından çəkindirmək məqsədilə rəsmi xəbərdarlıq edilib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov bildirib ki, 2016-cı il ölkəmiz üçün geniş miqyaslı islahatlar ili olub. Gömrük və veri sahələrində şəffaflığın daha da artırılması məqsədilə iqtisadiyyatımızda şaxələndirən isahatlar həyata keçirilib. Eyni zamanda Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyətin Planının 86%-i və Açıq hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planının 82%-i dövlət orqanları tərəfindən icra olunub. Azərbaycan Respublikasının Beynəlxalq Şəffaflıq təşkilatının “Korrupsiya Qavrama İndeksi” və “Qlobal Korrupsiya Barometri” hesabatlarında mövqeyininin irəliləməsini, “2016-cı il Qlobal Korrupsiya Barometri”nə əsasən, sorğuda iştirak edən respondetlərin 79%-nin korrupsiyanın ölkəmizin üzləşdiyi əsas problemlərdən hesab etmədiyini bildirib. K.Cəfərov əldə edilmiş nailiyyətlərin Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində mövcud güclü siyasi iradə ilə bağlı olduğunu, eyni zamanda korrupsiyaya qarşı mübarizəyə dair Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlarla təsdiq edilmiş dövlət proqramları və onların effektiv icrası, eyni zamanda dövlət başçısının təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyəti, bu sahədə hüquq mühafizə orqanlarının səmərəli işi, beynəlxalq standartlara cavab verən qanunvericilik və beynəlxalq təşəbbüslərdə aktiv iştirakı ilə bağlı olduğunu xüsusi vurğulayıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində səmərəli qarşılıqlı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi barədə göstəriş və tövsiyələrinə müvafiq olaraq hesabat dövründə Baş İdarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilib.



Belə ki, 2016-ci ilin sentyabr ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün Anti-Korrupsiya Şəbəkəsinin (ACN) İstanbul Fəaliyyət Planı çərçivəsində ölkəmiz III monitorinq mərhələsini uğurla tamamlayaraq IV qiymətləndirmə mərhələsinə keçən ilk 2 ölkədən biri olub, eyni zamanda dekabr ayında Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) tərəfindən Azərbaycan Respublikası üzrə 4-cü dəyərləndirmə raundu üzrə Uyğunluq hesabatı qəbul edilib. 2016-cı il əldə Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) ilə qarşılıqlı əməkdaşlıq uğurla davam etdirilmiş, Azərbaycan Respublikasının nümayəndəsi Akademiyanın Bürosuna üzv qəbul olunmaqla Akademiyanın Assambleyasının 5-ci sessiyasının sədr müavini seçilib.

Hesabat dövründə Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP) ilə əməkdaşlıq daha da inkişaf etdirilmiş, Azərbaycan Respublikasının nümayəndəsi növbəti müddətə Assosiasiyanın ali orqanı olan İcraiyyə Komitəsinə üzv seçilmiş, habelə Baş İdarə tərəfindən internet səhifəsinin rus versiyasının, habelə qurumun korrupsiyaya qarşı mübarizə aparan prokurorların şəbəkəsinin (NACP) saytının aparılması istiqamətində fəaliyyət uğurla davam etdirilib.

Bundan başqa, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), Beynəlxalq Anti-Korrupsiya Orqanları Assosiasiyasının (IAACA), Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC), Korrupsiyaya qarşı Avropa Əlaqələndiricilər Şəbəkəsi (EACN), Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatı (GUAM) və digər təşkilatlarla səmərəli əməkdaşlıq aparılmış, Moldova Respublikasının Milli Antikorrupsiya Mərkəzinin, Misir Ərəb Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış İnzibati Nəzarət Qurumunun, Türkiyə Ali Məhkəməsinin, Səudiyyə Ərəbistanı Krallığının Təhlükəsizlik Elmləri üzrə Naif Ərəb Universitetinin məsul əməkdaşlarının daxil olduğu nümayəndə heyəti ölkəmizə səfər etməklə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti ilə yaxından tanış olublar.

Eyni zamanda, 2016-cı il fevralın 4-də Malayziya Antikorrupsiya Komissiyasının Putracaya şəhərində yerləşən baş qərargahında “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Malayziyanın Antikorrupsiya Komissiyası arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Tədbirdə Korrupsiyaya qarşı Mübarizə aparan QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru - “Konstitusiya Araşdırmalar Fondu”nun prezidenti Əliməmməd Nuriyev, “Transprency International” təşkilatının Azərbaycan üzrə milli bölməsi - “Şəffaflıq Azərbaycan”ın icraçı direktoru Rəna Səfərəliyeva, habelə digər vətəndaş cəmiyyəti institutları nümayəndələri çıxış edərək korrupsiyaya qarşı mübarizənin aktual məsələlərinə toxunmuşlar. Ə.Nuriyev vətəndaş cəmiyyəti institutları tərəfindən Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının müstəqil formada qiymətləndirməsi nəticəsində nəzərdə tutulan tədbirlərin dövlət orqanları tərəfindən 83%-nin icra olunduğunu bildirib.



Mətbuat konfransında əminlik ifadə olunub ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bundan sonra da öz fəaliyyətini göstərilən yüksək etimada layiq səviyyədə qurulması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində üzərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirərək cinayətkarlığa qarşı ciddi və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsini təmin edəcəkdir.

Tədbirin sonunda qeyri-hökümət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırılıb.



Elvin Abdulqədirov
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər:  





Xəbər lenti