`Qafqaz` universitetinin 6 min diplomu tanınmayacaq - (VİDEOXƏBƏR)

`Qafqaz` universitetinin 6 min diplomu tanınmayacaq - (VİDEOXƏBƏR)
  18 Yanvar 2017    Oxunub:21536
Türkiyənin Ali Təhsil Şurasının (YÖK) qərarına əsasən 2016-cı ilə qədər “Qafqaz” Universitetindən məzun olan və təhsilləri davam edən tələbələrin diplomları Türkiyə tərəfindən tanınmayacaq.
“Qafqaz” Universitetinin rektoru Havar Məmmədov AzVision.az-a açıqlamasında bildirib ki, bu, 6000-dən çox tələbəyə təsir edəcək.

“Qafqaz“ Universitetinin diplomlarının tanınması ilə bağlı artıq Türkiyənin Ali Təhsil Şurası qərar qəbul edib. Bu məsələ həm Təhsil Nazirliyi, həm də Türkiyədəki səfirliyimizlə dəqiqləşdirilib. Bu günə qədər universitetin 6000 məzunu olub. Bu məzunların içərisində Türkiyədən gəlib burada oxuyanlar da var. Belə qərarın qəbul edilməsi universiteti bitirib Türkiyəyə gedən məzunların narahatçılığına səbəb olur. Onlar bizə müraciət edirlər, amma artıq YÖK qərar qəbul edib”.

H.Məmmədov qeyd edib ki, universitetin rəhbər heyəti, professor-müəllim heyəti dəyişdirildikdən sonra qəbul olunan tələbələrin diplomları Türkiyə tərəfindən tanınacaq. “Sentyabr ayından univeristetin idarə olunması, professor-müəllim heyəti azərbaycanlılara həvalə edilib. Burada bir nəfər də kənar işçi yoxdur. Bundan sonra qəbul olunan tələbələrin diplomları tanınacaq. Hər ölkədə diplomların tanınma qaydası var. Hələlik bu diplomlar Türkiyə tərəfindən tanınmayacaq”.

Qeyd edək ki, 12 yanvar 2017-ci il tarixində "Yeni Şafak" qəzetində Azərbaycanda fəaliyyət göstərən Qafqaz Universiteti ilə bağlı xəbər dərc olunub.

Xəbərdə qeyd edilib ki, Türkiyə Respublikası Ali Təhsil Şurası (YÖK) tərəfindən 2016-2017-ci tədris ilində “Qafqaz“ Universitetinə qəbul olunan tələbələr məzun olduqdan sonra (yəni 4 il sonra) onların diplomları normal qaydada tanınacaq. 2016-cı ilə qədər məzun olan və təhsilləri davam edən tələbələrin diplomları isə tanınmayacaq.



Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti