Ana ölümləri niyə daha çox yanvar ayında olur? - (VİDEOXƏBƏR)

Ana ölümləri niyə daha çox yanvar ayında olur? - (VİDEOXƏBƏR)
  23 Yanvar 2017    Oxunub:8922
Azərbaycanda növbəti ana ölümü baş verib.
AzVision.az xəbər verir ki, Goranboy rayon sakini Elşanə Əhmədova Gəncədə yerləşən Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında dünyasını dəyişib.

Doğuşayardım komissiyasının sədri, Perinatal mərkəzin sədri Sevinc Məmmədova AzVision.az-a bildirib ki, qadında uşaqlıqdan kənar hamiləlik qeydə alınıb.

“Bu diaqnozla ana xəstəxanaya müraciət edib, əməliyyat edilib. Görülən reanimasyon tədbirlərə baxmayaraq, ananın vəziyyəti ağır olduğundan dünyasını dəyişib. Ananın təkrar hamiləliyi olub”.

Bir ayda 6 ana ölümünün baş verməsinə aydınlıq gətirən komissiya sədri bildirib ki, yanvar ayı ağır aydır və 2014, 2015-ci illərdə də yanvar, mart aylarında ana ölümlərinin sayı çox olub.

“Qadınlar bayramdan çıxırlar, həkimlərə müraciət etməyə ləngiyirlər, havalar soyuq keçir deyə kənddən həkimə gəlməyə yubanırlar. Ona görə də xəstələr xəstəxanaya ağır vəziyyətdə daxil olurlar. Mərdəkanda ölən ana bir sutka evdə qanaxma olduqdan sonra huşsuz, qansız vəziyyətdə xəstəxanaya gətirilib. Evdə o qədər qan itirib ki, ürəyi dayanmışdı. Buna həkim nə etsin? Ana ölümlərinin bu aylarda çoxalmasını bayram ərəfəsində xəstələrin gec, ağır vəziyyətdə müraciət etməsi ilə əlaqələndirmək olar”.



Xatırladaq ki, yanvarın 4-də Tovuz rayon sakini Səkinə Əsgərova Regional Perinatal Mərkəzində, həmin gün Gəncədəki Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının ginekologiya şöbəsində 29 yaşlı Gülşən Aslanova abort zamanı ölüb. Yanvarın 11-də Biləsuvar rayonu Zəhmətabad kənd sakini, 24 yaşlı Amidə Füzuli qızı Arzumanlı, yanvarın 14-də Xəzər rayonunda Qala qəsəbə sakini 37 yaşlı Şabanova Günay Vahab qızı Birləşmiş Şəhər Xəstəxanasında, yanvarın 18-də Ağcabədi rayon Rəncbərlər kənd sakini, 32 yaşlı Təzəgül Qaraşova Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Doğum Evində ölüb.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti