120-yə yaxın toxucu martın sonunu gözləyir

120-yə yaxın toxucu martın sonunu gözləyir
  07 Fevral 2017    Oxunub:3042
“Azərxalça” ASC-nin sədri Vidadi Muradov tədris-hazırlıq kursunun toxucuları ilə görüşüb. “Azərxalça”ASC-nin respublikanın ayrı-ayrı rayonlarında təşkil etdiyi xalçaçılıq üzrə tədris-hazırlıq kursları fəaliyyətini davam etdirir.

Bu günlərdə “Azərxalça”ASC-nin İdarə Heyətinin Sədri Vidadi Muradov Cəmiyyətin Şəmkir rayonunda fəaliyyət göstərən tədris-hazırlıq kursunun toxucuları ilə görüşüb. Görüşdə bir sıra mühüm təşkilati işlər, kadr məsələləri müzakirə edilib. Toxucuların bacarıqları yoxlanılıb, onların istehsalat təcrübəsi sınaqdan keçirilib.

Qeyd edək ki, ötən ilin avqust ayında fəaliyyətə başlamış kursda indiyədək rayonun müxtəlif kəndlərindən, həmçinin Şəmkir şəhərindən olan 120-ə yaxın toxucu hazırlıq keçib. Onlar Azərbaycan xalçaçılıq sənətinə dair nəzəri və praktiki biliklər qazanmış, qədim xalça çeşniləri əsasında xalça toxumaq vərdişlərinə yiyələniblər.

Cəmiyyətin İdarə Heyətinin sədri Vidadi Muradovun Şəmkir toxucularından gözləntiləri böyükdür: ”Şəmkir Gəncəbasar bölgəsinin zəngin xalçaçılıq ənənələrinə malik rayonlarından biridir. Burada bir çox kəndlərdə tarixən xalçaçılıqla yanaşı, boyaqçılıq sənəti, xalça ticarəti işi də geniş miqyas alıb.

“Azərxalça”nın Şəmkir rayon filialının, o cümlədən burada tədris-hazırlıq kurslarının təşkili də bu ənənələrin uğurlu davamı olacaq. Kurslarda peşəkar xalçaçılar, xalça rəssamları toxuculara Azərbaycan xalçalarının bütün qruplarına aid nümunələr, xüsusilə qədim Gəncəbasar çeşniləri əsasında xalçaların rəng, naxış xüsusiyyətlərini, toxuma texnologiyasını tədris ediblər. Nəticə qənaətbəxşdir. Hal-hazırda “Azərxalça”nın Şəmkir fililının tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Hesab edirik ki, bu toxucular mart ayının sonlarında fəaliyyətə başlaması nəzərdə tutulan Şəmkir filialında uğurla fəaliyyət göstərə biləcəklər”.


Teqlər:





Xəbər lenti