Azərbaycanla nəqliyyat dəhlizi açılacaq - Türkiyənin nəqliyyat naziri

Azərbaycanla nəqliyyat dəhlizi açılacaq - Türkiyənin nəqliyyat naziri
  13 Oktyabr 2024    Oxunub:323
“Azərbaycanın Şərq bölgələrindən Naxçıvan Muxtar Respublikasına gedən nəqliyyat dəhlizinin həm İran, həm də Ermənistan ərazisindən keçməsi mümkün variantlar arasındadır. İlk halda bu marşrut 61 kilometr, ikinci halda isə təxminən 43 kilometr olacaqdır."

AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu "Kanal7" telekanalında Cənubi Qafqazda kommunikasiya imkanlarının bərpası mövzusunu şərh edərkən danışıb.

Nazir bildirib ki, marşrutun son variantından asılı olmayaraq, nəqliyyat və logistika əlaqələri qurulacaq. "Bu və ya başqa şəkildə, biz Azərbaycanla birgə bu layihəni həyata keçirəcəyik. Bəzi çətinliklər var, lakin onların yaxın gələcəkdə həll olunacağına əminik. Bu, yalnız zaman məsələsidir," - deyə nazir vurğulayıb.

O qeyd edib ki, heç bir ölkə Pekindən Londona qədər uzanan beynəlxalq nəqliyyat arteriyasının bir hissəsi olmaq imkanına qarşı çıxmamalıdır. “Belə bir ideyaya qarşı çıxmaq, sadəcə, ehtiyatsızlıqdır,” - deyə Uraloğlu bildirib.

Türkiyənin nəqliyyat naziri onu da əlavə edib ki, Ankara Cənubi Qafqazda kommunikasiya əlaqələrinin bərpası ilə bağlı danışıqlarda birbaşa iştirak etməsə də, Türkiyə Bakı ilə daim təmasda olur və əlaqələri möhkəmləndirir.

Gürcüstan üzərindən Azərbaycanla əlaqənin artıq mövcud olduğunu xatırladan nazir vurğulayıb ki, yeni nəqliyyat dəhlizi açılarsa, Azərbaycanla Türkiyə arasındakı yük çatdırılma müddəti azalacaq və Orta Dəhliz vasitəsilə yükdaşımaların həcmi əhəmiyyətli dərəcədə artacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti