“Zəngəzur dəhlizi” üzərində İran-Rusiya oyunu

 “Zəngəzur dəhlizi” üzərində İran-Rusiya oyunu
  13 Oktyabr 2024    Oxunub:410
Rusiya sərhədçilərinin Ermənistan-İran sərhəd-keçid məntəqəsindən çıxarılması ilə “Zəngəzur dəhlizi” arasında əlaqə varmı?
Məlum olduğu kimi, Moskvada keçirilən MDB dövlət başçılarının sammitində Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında ikitərəfli danışıqlar zamanı Rusiya sərhədçilərinin Ermənistanın İran və Türkiyə ilə sərhədlərindən qismən çıxarılması barədə razılıq əldə olunub. Bu razılaşmaya uyğun olaraq, 2025-ci il yanvarın 1-dən Ermənistan sərhədçiləri Rusiya sərhədçiləri ilə birlikdə Türkiyə və İranla sərhədləri qoruyacaqlar. Eyni zamanda, Rusiya sərhədçiləri Ermənistanla İran arasındakı yeganə sərhəd-keçid məntəqəsindən tamamilə çıxarılacaq və onların yerinə erməni “həmkarları” gətiriləcək.

Rəsmi İrəvan daha sonra bəyan etdi ki, “rus sərhədçiləri keçid məntəqəsini öz təşəbbüsləri ilə tərk edirlər”.


Putin və Paşinyan aralarında razılaşıb ki, Rusiya sərhədçiləri Ermənistan və İran sərhədindəki keçid məntəqəsinin mühafizəsini dayandırsın.

Bildiyimiz kimi, Ermənistanla İran arasındakı bu sərhəd məntəqəsi Rusiya üçün həyati əhəmiyyət kəsb edən, eləcə də İrandan keçən Şimal-Cənub dəhlizinin qollarından birində yerləşir. Bununla yanaşı, Tehran Ermənistan və Gürcüstandan keçməklə İranı Qara dənizlə birləşdirən ən qısa marşrut üzərində yerləşdiyi üçün bu sərhəd məntəqəsini özünün “Avropa qapısı” adlandırır. Odur ki, İran “Zəngəzur dəhlizi”nin açılmasına və onun Rusiya FTX-nin sərhəd qoşunlarının nəzarətinə verilməsinə qəti şəkildə qarşı çıxır və bu dəhlizin Ermənistandan keçən “Avropa qapısını” bağlaya biləcəyini əsas gətirir.

10 noyabr Üçtərəfli Bəyanatının doqquzuncu bəndinin icrası o deməkdir ki, Rusiya sərhədçiləri Azərbaycan və Naxçıvanı birləşdirən nəqliyyat kommunikasiyalarının giriş-çıxışında yerləşəcəklər. Onlar dəhliz boyunca yüklərin daşınmasına da nəzarət edəcəklər. “Zəngəzur dəhlizi”nin Ermənistan vasitəsilə İranın Avropaya çıxışını tam olaraq necə bağlayacağı hələ aydın olmasa da, rəsmi Tehranın əslində bu dəhlizin Rusiyanın nəzarətində olmasını sindirə bilmədiyini anlamaq elə də çətin deyil .

Daha geniş mənada Tehran Azərbaycanla Naxçıvan, eləcə də Türkiyə arasında quru əlaqəsini təmin edilməsində qətiyyən maraqlı deyil , çünki bu dəhlizin açılması onun regionda təsirini xeyli zəiflədə bilər.


Ermənistan və İran arasında sərhəd keçidi. Tehran bu sərhəd məntəqəsini özünün “Avropa qapısı” adlandırır.

Rusiya isə Ermənistan üçün gözlənilməz gediş edərək sərhədçilərini İranın “Avropa qapısı”ndan geri çəkməyə qərar verdi. İrəvan Rusiyanın hərbi mövcudluğunu minimuma endirməyə və gələcəkdə hətta tamamilə aradan qaldırmağa yönəlmiş siyasi kurs seçdiyi üçün təbii olaraq bu qərarla razılaşdı. Bəs görəsən Rusiyanın bu addımının arxasında nə gizlənir?

Mümkün versiyalardan biri budur ki, Moskva bu jestlə İranın Zəngəzur dəhlizi ilə bağlı narahatlığını azaltmağı və nəticə etibarilə mövqeyini yumşaltmağı hesablayıb. Çünki Ermənistanla İran arasındakı keçid məntəqəsində məhz erməni sərhədçilərin olması Tehranın “Avropa qapısının” bağlanması riski ilə bağlı arqumentlərini zəiflədir.

Amma Rusiya sərhədçilərinin Azərbaycanla Naxçıvan bölgəsini birləşdirən “Zəngəzur dəhlizi”ndə yerləşdirilməsi nəzəri baxımdan birbaşa İranla bağlı olmamalıdır.

2024-cü ilin avqustunda Putinin Bakıya səfəri zamanı Rusiya tərəfi “Zəngəzur dəhlizi”nin açılması məsələsini yenidən gündəmə gətirdi.

Bu ilin avqustunda Putinin Bakıya səfəri zamanı Rusiya tərəfi “Zəngəzur dəhlizi”nin açılması məsələsini yenidən gündəmə gətirdi. Bu, Moskva ilə Tehran arasında görünməmiş gərginliyə səbəb oldu. İranlı generallar, diplomatlar, siyasətçilər biri o birinin ardınca Rusiyaya qarşı sərt bəyanatlarla çıxış edərək Zəngəzur dəhlizinin açılmasına icazə verilməyəcəyini, bu məsələnin “Tehran üçün qırmızı xətt” olduğunu bəyan etdilər.
Zəngəzura görə müharibə? İran yenə hərbə-zorba gəlir
Tehran xəbərdarlıq etdi ki, Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı Ermənistana təzyiqi iki ölkə arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasını da şübhə altına sala bilər.
Daha sonra Rusiya Təhlükəsizlik Şurasının sədri Sergey Şoyqu Tehrana səfər etdi və İranın “Zəngəzur dəhlizi” ilə bağlı mövqeyinin nəzərə alınacağını, gərginliyin azalacağını bəyan etdi. Bunun ardınca İsrailin Hizbullaha hücumu regional gündəmi dəyişdi. Lakin bu o demək deyil ki, “Zəngəzur dəhlizi” ətrafında gərginlik aradan qalxıb, mövzu arxa plana keçib. Moskvada keçirilən MDB sammiti çərçivəsində Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk bildirdi ki , regionda nəqliyyat kommunikasiyalarının açılması Moskvanın iştirakı olmadan mümkün deyil.

Rusiya prezidenti Vladimir Putin MDB sammitindən sonra Aşqabada səfər etdi və orada keçirilən beynəlxalq konfrans çərçivəsində İran prezidenti Məsud Pezeşkian ilə ikitərəfli görüş keçirdi. Heç şübhəsiz ki, bu görüşdə “Zəngəzur dəhlizi” də müzakirə olunub, hətta deyərdik ki, Rusiya sərhədçilərinin İran və Ermənistan arasındakı keçid məntəqəsindən çıxarılması kontekstində də müzakirələr aparılıb. Amma tərəflər ictimaiyyətə bəyanatlarında bu məsələyə heç toxunmadılar.

Overçukun sözlərinə görə, regionda nəqliyyat kommunikasiyalarının açılması Moskvanın iştirakı olmadan mümkün deyil.

Erməni politoloq Akop Badalyanın fikrincə isə, Rusiya sərhədçilərinin Ermənistan-İran sərhəd məntəqəsindən çıxarılması Moskvanın regionda təsir rıçaqlarını gücləndirmək siyasətinə zidd deyil .

“İlk növbədə qeyd edim ki, əgər geriçəkilməkdən danışırıqsa, deməli, söhbət yalnız keçid məntəqəsindən geri çəkilməkdən gedir. İkincisi, Rusiyanın keçid məntəqəsini tərk etməsi, məncə, bu məntəqənin geosiyasi status-kvosunun İrana ötürülməsi deməkdir. Hesab edirəm ki, bu qərar İranla ən azı müəyyən məsləhətləşmələr aparılmadan qəbul edilə bilməzdi. Bu addım, yəni geriçəkilmə həm də İrana bir jestdir, etimad jesti... İstisna etmirəm ki, hətta İranın özü də Rusiyadan, eləcə də Ermanistandan belə bir münasibət gözləyirdi”, - deyə Badalyan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində bildirib.

O, Rusiya ilə İranın böyük strateji müqavilə imzalamaqla bağlı yekun razılığa gəlməyə çalışdıqlarını da xatırladıb. Maraqlıdır ki, sözügedən məsələ ilə bağlı Ermənistan-Rusiya razılaşması əslində strateji müqavilə diskusiyasından əvvələ təsadüf edir.


Badalyanın fikrincə, Rusiya və İranın əsas dərdi Qafqazda türk hökmranlığına imkan verməməkdir.

“Müvafiq olaraq, hesab edirəm ki, geosiyasi kontekstdə bu öhtəlik Rusiyanın qarşısına qoyduğu vəzifələrə zidd deyil. Rusiya bölgədənkənar nəzarətə, eləcə də Türkiyənin üstünlüyünə imkan verməməyə çalışır. İranın istədiyi də elə budur ”, - deyə erməni politoloq qeyd edib.

Qeyd etmək lazımdır ki, son müzakirələrdən sonra İranın Zəngəzur dəhlizi məsələsi ilə bağlı mövqeyində dəyişiklik əlaməti yoxdur. Rusiya sərhədçilərinin Ermənistanla İran arasındakı keçid məntəqəsindən çıxarılmasına rəsmi Tehranın necə yanaşdığı da dəqiq məlum deyil.

Səbinə Həsənova
AzVision.az






Teqlər:   zəngəzurdəhlizi   iran   rusiya   ermənistan  





Xəbər lenti