Əli Həsənov: “Təzyiq göstərmək lazımdır”

Əli Həsənov: “Təzyiq göstərmək lazımdır”
  27 Fevral 2013    Oxunub:1531
“Azərbaycan işğal edilmiş torpaqlarının geri qaytarılması və azərbaycanlı qaçqınların öz doğma yurd-yuvalarına qayıtması məsələsində qətiyyət nümayiş etdirir”.
Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində bildirib.

"Azərbaycan işğal edilmiş torpaqlarının geri qaytarılması və azərbaycanlı qaçqınların oraya qayıtması məsələsində bundan sonra da qətiyyət göstərəcək. Biz çadırlarda yaşamaq məcburiyyətində olan qaçqınları öz evlərinə qaytarmalıyıq", - Ə.Həsənov deyib. Onun sözlərinə görə, əgər bundan sonra da belə davam etsə, digər imkanlardan istifadə olunacaq.Əli Həsənov bildirib ki, hazırda Azərbaycan ordusunu və iqtisadiyyatını gücləndirir.

Prezident Administrasiyasının şöbə müdiri Xocalı soyqırımı hadisələri və ermənilərin törətdiyi digər qəddarlıq və zorakılıq faktlarını əks etdirəcək beynəlxalq filmin çəkilməsi imkanını qeyd edib. Əli Həsənov bildirib ki, bu film, həmçinin qondarma "erməni soyqırımı" məsələsində ermənilərin yalanının sübutu olacaq: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün Ermənistana təzyiq göstərmək lazımdır".

PA rəsmisi, həmçinin Dağlıq Qarabağ münaqişəsinin dünya arenasında təbliğatında Türkiyənin rolunu qeyd edib və əminliyini bildirib ki, Türkiyə, vəd etdiyi kimi, bu münaqişə həll edilməyənədək Ermənistan ilə sərhədləri açmayacaq. Onun sözlərinə görə, Azərbaycan son beş il ərzində Türkiyədə layihələrə 30 milyard dollar investisiya yatırıb: "Hazırda Azərbaycan-Türkiyə münasibətləri on il əvvəllə müqayisədə daha da əhəmiyyətlidir. Bu gün Azərbaycan Türkiyənin arxasında deyil, Türkiyə ilə yanaşı dayanır".

Əli Həsənov, həmçinin Ermənistanda keçirilmiş prezident seçkilərinə toxunub. Onun sözlərinə görə, bu ölkədə normal seçkilər keçirilməyib. Ermənistan Prezidenti seçkilərdə deyil, öz xalqı üzərində qələbə qazanıb: "Nə qədər ki, Sarkisyan hakimiyyətdədir, hər il bu ölkəni daha 100 min Ermənistan vətəndaşı tərk edəcək. Nəticədə, beş ildən sonra Ermənistan əhalisi bir milyon nəfərədək azalacaq".




Teqlər:  





Xəbər lenti