Saakaşvili şərəfinə ziyafət - FOTOLAR

Saakaşvili şərəfinə ziyafət - FOTOLAR
  28 Fevral 2013    Oxunub:2275
Dünən Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin və xanımı Sandra Elizabet Rulofsun şərəfinə rəsmi ziyafət verilib.
Mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Gürcüstan Prezidentinin Azərbaycana səfəri bir daha ölkələrimiz arasında həyata keçirilən qarşılıqlı səfərlərin və görüşlərin davamlı xarakter aldığını göstərir.

Xalqlarımızın ortaq tarixə və mədəni dəyərlərə malik olduğunu deyən dövlətimizin başçısı hazırda ölkələrimizin strateji tərəfdaşlığa əsaslan əlaqələrinin uğurla davam etdiyini diqqətə çatdırdı. "Bu gün Gürcüstan və Azərbaycan təkcə özünü doğrultmuş müstəqil dövlətlər deyil, həm də dinamik inkişaf edən, öz seçimini qoruyan, öz müstəqil inkişaf yolunu, həm regional, həm də qlobal xarakterli məsələlərdə fəal iştirak edən dövlətlərdir", - deyən Prezident İlham Əliyev müstəqilliyin ilk illərində ərazi bütövlüyünün pozulması, separatizm halları ilə üzləşən ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqeyini yüksək səviyyədə müdafiə etdiyini bildirdi.
İqtisadi sahədə əməkdaşlığın səmərəli olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında həyata keçirilən iri layihələrin əhəmiyyətindən danışaraq dedi:

- Ölkələrimizdə islahatların həyata keçirilməsində, yeniləşmədə, iqtisadi inkişafda ümumi və oxşar cəhətlər çoxdur. Bizi region çərçivəsindən kənara çıxan qlobal xarakterə malik layihələr də birləşdirir. Gürcüstan və Azərbaycan qlobal xarakter daşıyan enerji və nəqliyyat layihələrinin fəal iştirakçıları kimi qitənin enerji və nəqliyyat təhlükəsizliyi məsələlərində mühüm rol oynayırlar. Ölkələrimiz nə qədər yaxın olsalar, bu rol regionun ümumi inkişafına bir o qədər müsbət təsir göstərəcəkdir. Regionda təhlükəsizlik, sabitlik və əmin-amanlıq cəmiyyətlərin və ölkələrin rifahından daha çox asılıdır. Bu cəhətdən bizim təşəbbüs göstərdiyimiz və uğurla həyata keçirilən layihələr ölkələrimizin həqiqətən müstəqil dövlətlər kimi möhkəmlənməsində mühüm rola malikdir.

Prezident İlham Əliyev son illərdə Gürcüstanda həyata keçirilən islahatların əhəmiyyətinə toxundu. Ölkələrimiz arasında tarix boyu yaranıb formalaşan dostluq əlaqələrinin və səmərəli əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə edərək dedi:

- Azərbaycan üçün Gürcüstan qardaş dövlət və strateji tərəfdaş olmaqla yanaşı, həm də təbii müttəfiqdir. Bunu başa düşmək üçün xəritəyə baxmaq kifayətdir. Azərbaycan Gürcüstan üçün, həmçinin iqtisadi, investisiya və enerji layihələri nöqteyi-nəzərindən də böyük əhəmiyyət kəsb edir.

Çıxışına "Mənim üçün Bakıya hər səfər bayramdır" sözləri ilə başlayan Prezident Mixeil Saakaşvili qeyd etdi ki, Azərbaycan ilə Gürcüstan ortaq tarixi və dəyərləri olan ölkələrdir. Gürcüstan dövlətinin başçısı bir neçə il öncə soyuq qış günlərində qazsız və elektriksiz qalan ölkəsinə Azərbaycandan gələn dost yardımını xatırladı, bununla bağlı qərarına görə bir daha Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür etdi. BMT Təhlükəsizik Şurasının üzvü olan Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuza malik olduğunu deyən Mixeil Saakaşvili bildirdi ki, Azərbaycan-Gürcüstan dostluğu dünyada qonşuluq münasibətlərinə bir nümunədir. Dövlət başçısı son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin böyük inkişaf yolu keçdiyini də diqqətə çatdıraraq dedi:

- Hətta böyük ehtiyatları olan heç bir ölkə Azərbaycanın elədikləri ilə müqayisəyə gələ bilməz. Niyə? Çünki Azərbaycanın dəqiq kursu, öz müstəqilliyinin dəqiq yolu, istiqaməti, aydın üfüqləri vardır. Düşünürəm ki, tarixi şəxsiyyətlərsiz tarixi qərarlar ola bilməz. Bunun ən gözəl nümunəsi də Azərbaycan dövlətidir.

Gürcüstan Prezidenti xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətinin yaranıb formalaşmasındakı müstəsna xidmətlərini xatırladı, dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün ölkəmizdə həyata keçirilən quruculuq və inkişaf proseslərinin önəmini vurğulayaraq bildirdi:

- Fikrimcə, Azərbaycan Avrasiyanın mühüm dövlətlərindən və ən tanınmış ölkələrindən biri olacaqdır. Bakı şəhəri bunu aşkar sübut edir. Bakının nə qədər maraq doğurduğunu artıq hamı etiraf edir.
Sonda Gürcüstan Prezidenti bir daha yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə təşəkkür etdi.

Qalereya




Teqlər:





Xəbər lenti