Almaniya-Azərbaycan Forumunun toplantısı keçirilib

Almaniya-Azərbaycan Forumunun toplantısı keçirilib
  08 İyun 2017    Oxunub:1403
Almaniya-Azərbaycan Forumunun (DAF) idarə heyətinin iclası keçirilib.
Azərbaycanın Almaniyadakı səfirliyindən AzVision.az-a verilən məlumata görə, Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov çıxış edərək DAF-ın fəaliyyətinə nəzər yetirib və həyata keçirilmiş işləri dəyərləndirib. Səfir Forumun fəaliyyətinin iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə olan münasibətlərin dərinləşməsinə verdiyi töhfəni vurğulayıb və bu fəaliyyətin Azərbaycan hökumətinin diqqət mərkəzində olduğunu bildirib.

R. Həsənov iclas iştirakçılarını Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatında baş verən yeniliklər və Azərbaycan-Almaniya münasibətlərinin cari vəziyyəti barədə dair məlumatlandırıb. Hazırda həyata keçirilən və həyata keçirilməsi planlaşdırılan layihələri qeyd edən səfir DAF-ın bu layihələrin Almaniyada təqdim olunması üçün görə biləcəyi işləri sadalayıb və bütövlükdə Forumun gələcək fəaliyyətində dair Azərbaycan tərəfinin gözləntilərini vurğulayıb. R. Həsənov həmçinin idarə heyətinin üzvlərinin Azərbaycan-Almaniya münasibətlərinin mövcud durumuna dair suallarını cavablandırıb.

DAF idarə heyətinin sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer sözügedən təşkilatın ötən dövr ərzində fəaliyyəti və nəzərdə tutulmuş gələcək planları barədə hesabat verib. Sədr bildirib ki, rəhbərlik etdiyi Forum əvvəlki illərin uğurlu təcrübəsini nəzərə alaraq bu il də alman iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfərini təşkil etmək, mədəni tədbirlər keçirmək, ənənəvi olaraq keçirilən növbəti Xocalı simpoziumuna hazırlıq işləri görmək və səfirliklə əməkdaşlıq çərçivəsində digər tədbirlər görmək niyyətindədir.

İclas iştirakçıları Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələrə, Almaniyada Azərbaycanla bağlı görülən işlərə, həyata keçirilən ikitərəfli layihələrə dair DAF-ın fəal ictimai fəaliyyət göstərməsinin vacibliyini vurğulayıblar və təşkilatın xəbər bülletenlərinin bu istiqamətdə əhəmiyyətli alət olduğunu bildiriblər.

Təşkilatın xəzinədarı Deutsche Bank AG şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə baş direktoru Peter Tils DAF-ın ötən dövr üçün maliyyə hesabatını təqdim edib.

Sonra tədbir DAF üzvlərinin toplantısı ilə davam etdirilib. DAF üzvləri səsvermə yolu ilə Forumun sədrini və müavinlərini, yeni idarə heyətini, xəzinədarını, icraçı direktorunu seçiblər və 2017-ci il üçün büdcəsini təsdiqləyiblər. Hans-Eberhard Şlayer yenidən Forumun sədri, Helqa Daub sədrin birinci müavini, prof. Reza Talebi-Daryani sədrin müavini, Peter Tils Forumun xəzinədarı, Pərviz Yəzdani Forumun icraçı direktoru vəzifələrinə seçiliblər.

AzVision.az


Teqlər: Almaniya   Azərbaycan  





Xəbər lenti