Suriyaya müdaxilə 60 gün sonraya qaldı

Suriyaya müdaxilə 60 gün sonraya qaldı
  04 Sentyabr 2013    Oxunub:1176
ABŞ senatının beynəlxalq işlər üzrə komitəsi Suriyaya planlaşdırılan hərbi əməliyyatın müddətini 60 gün uzatmağı qərara alıb.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, həlledici sənəd komitənin rəhbəri demokrat senator Robert Menendes və müavini respublikaçı senator Bob Korker tərəfindən hazırlanıb. Qeyd edək ki, sənəd növbəti həftə komitədə səsverməyə çıxarılacaq. Bundan başqa, ehtiyac olduğu halda Suriya prezidenti Bəşər Əsəd hökumətinə qarşı hərbi əməliyyatın 90 gün müddətinə uzadılması da nəzərdə tutulub.

Hər iki senator ABŞ prezidenti Barak Obamanın Suriyaya məhdudlaşdırılmış miqyasda zərbələrin endirilməsi haqqında mövqeyini dəstəkləyib. Respublikaçılar Suriyaya ediləcək hərbi əməliyyatın müddətinə maksimum 30 gün məhdudiyyət qoyulmasını təkid edirdilər, ancaq danışıqlar nəticəsində demokratlar bu müddətin artırılmasına nail oldular.

Obama BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan Suriyaya hərbi zərbə endirməyə qərar verib, ancaq bunun üçün ABŞ konqresinin razılığı lazımdır. Parlamentdə Suriyaya müdaxilə edilməsi haqqında sənədin müzakirəsinə sentyabrın 9-da baxılacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti