Suriya üzrə xüsusi səfir təcili Rusiyaya yollandı

Suriya üzrə xüsusi səfir təcili Rusiyaya yollandı
  05 Sentyabr 2013    Oxunub:1262
Lahdar Brahimi Sankt-Peterburqda Böyük İyirmiliyin sammitində iştirak edəcək
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Böyük İyirmiliyin sammiti öz işinə başlayır. Sentyabrın 5-i və 6-sı keçiriləcək sammitlə əlaqədar dünya liderləri artıq Rusiyayadadır. Sankt-Peterburda təhlükəsizlik tədbirləri yüksək həddə çatdırılıb.

Bu arada, BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi səfiri Lahdar Brahimi Böyük İyirmiliyin sammitində iştirak etmək üçün təcili olaraq Sankt-Peterburqa yola düşüb. Bu barədə BMT nümayəndəsi məlumat verib. Lahdar Brahiminin tezliklə Suriyaya dair ikinci Cenevrə konfransının çağrılmasına nail olmağa çalışacağı bildirilir.

Rusiya rəsmi mənbələrinin məlumatına görə, sammitin sənədləri artıq 99,9% razılaşdırılıb. Böyük İyirmilik liderləri yaxın 2 gün ərzində maliyyə sahəsində, vergi sektorunda və iqtisadi artım sahəsində cari məsələləri müzakirə edəcəklər. Sammitin rəsmi gündəliyində olmasa da, Suriya münaqişəsinin əsas müzakirə mövzularından biri olacağı gözlənilir. Sammitin ikinci günündə BMT-nin Baş katibi Ban Ki-mun çıxış edəcək və minilliyin inkişaf hədəfləri mövzusuna toxunacaq.

Qeyd edək ki, Böyük İyirmilik ölkələrinə Avstraliya, Argentina, Braziliya, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı, Türkiyə, Fransa, Çin və daha bir neçə iqtisadi nəhəng, eləcə də Avropa Birliyi daxildir. Böyük İyirmiliyin formalaşdırılmasına 1999-cu ildə qərar verilsə də, onun indiki formatda başlanğıcı 2008-ci il hesab edilir.


Teqlər:





Xəbər lenti